20 Yanvar şəhidlərinin xatirəsi laçınlılar tərəfindən də anıldı.
20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, Laçın Rayon İcra Hakimiyyətində tərtib edilmiş tədbirlər planına əsasən 1990-cı il 20 Yanvar tarixinin Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi qeyd edilməsi ilə əlaqədar rayonun idarə və müəssisələrində, kənd icra nümayəndəliklərində anım mərasimləri keçirilməsi təşkil edilmiş, Taxtakörpü qəsəbəsində “Şəhidlərin xatirə kompleksi” ətrafında təmizlik və abadlıq işləri aparılmış, rayonun bütün tədris müəssisələrində yanvarın 19-da Qanlı Yanvar faciəsinə həsr edilmiş xüsusi dərsin keçilməsi təmin olunmuşdur. Həmçinin Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20 yanvar 2017-ci il tarixdə qəsəbədəki Şəhidlərin xatirə kompleksi qarşısında geniş ümumrayon tədbiri keçirilmişdir. Mərasimdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, şəhidlərin ruhuna dualar oxunmuş, Şəhidlərin xatirə kompleksi önünə Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən əklil qoyulmaqla ictimaiyyət nümayəndələri və çoxsaylı rayon sakinləri tərəfindən abidə ziyarət olunaraq tər qərənfillər düzülmüş, sonda rayon məktəblilərinin 20 Yanvar faciəsi ilə bağlı hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur. Eyni zamanda tədbirlər planına uyğun olaraq 20 yanvar günü matəm əlaməti olaraq kənd və qəsəbələrdə, rayonun bütün idarələr və müəssisələrində dövlət bayraqları endirilmiş, gün ərzində qəsəbə ərazisində matəm musiqisi səsləndirilməklə, saat 12:00-da rayon sakinlərinin müvəqqəti məskunlaşdıqları ərazilərdə şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və avtomobillərdən səs siqnallarının verilməsi təmin olunmuşdur.