Şriftin ölçüsü :

Saytın rəngi :

9 yanvar 2017-cı il tarixdə Ermənistanın işğalı altında olan Şuşa, Laçın və Cəbrayıl rayonlarından olan hərbi çağırışçıların hərbi xidmətə yola salınma tədbiri keçirilib.

09 yanvar 2017 | 16:00

Tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri-icma rəhbəri Bayram Səfərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Novruzəli Orucov,  Xidmətin yüksək rütbəli zabitləri, rayon icra hakimiyyətlərinin nümayəndələri, ictimaiyyət təmsilçiləri,  Qarabağ müharibəsi veteranları, Çernobıl əlilləri və çağırışçıların valideynləri iştirak etmişlər.
       Yolasalma mərasimdə çıxış edən Bayram Səfərov  Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan ordusunun kifayət qədər gücləndiyini, ölkəmizin sərhədlərini qorumağa, işğalçı qüvvələri doğma torpaqlarımızdan çıxarmağa hər an hazır olduğunu bildirdi. Eyni zamanda   çıxışda ilbəil il keçirilən möhtəşəm hərbi paradların, son 10 il ərzində ölkənin hərbi xərclərinin 20 dəfədən çox artmasının, xüsusilə Silahlı Qüvvələrə ayrılan xərclərin Ermənistanın dövlət büdcəsindən təxminən 2 dəfə çox olmasının isə Azərbaycan Silahlı Qüvvələrinin güc  və  qüdrətinin əyani təzahürü olduğu vurğulanmışdır. Sonra o, torpaqlarımızı erməni təcavüzkarlarından müdafiə edən Azərbaycan əsgərinin yenilməzliyindən, mərdlik və şücaətindən danışaraq, bugünkü çağırışçıların Vətən qarşısında müqəddəs borclarını şərəflə yerinə yetirərək, zəfər yürüşünün iştirakçısı kimi ailələrinə dönmələrini arzuladı.
         Mərasimdə General-mayor Novruzəli Orucov cəbhə xəttində düşmən təxribatının qarşısının alınması zamanı Silahlı Qüvvələrimizin nümayiş etdirdiyi qəhrəmanlıqlardan danışaraq, gəncləri Vətəni qorumaq kimi müqəddəs bir vəzifəyə başlamaları münasibəti ilə təbrik edərək, onlara hərbi xidmətdə uğurlar arzuladı.
         Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidmətinin rayon bölmələrinin  rəisləri çıxışlarında gənc əsgərlər qarşısında duran vəzifələrdən danışaraq, onlara xidmət müddətində nizam-intizamlı olmağı, hərbi hissə rəhbərlərinin  bütün əmr və tapşırıqlarını layiqincə yerinə yetirməyi tövsiyə etdilər.
          Eyni zamanda mərasimdə çıxış edən ictimaiyyət nümayəndələri və valideynlər də gənc əsgərlərə uğurlu yol və Milli Ordu sıralarında ləyaqətlə xidmət etməyi arzuladılar.  Mərasimdə çıxış edən gənc  çağırışçılar Azərbaycan Milli Ordusu sıralarında Vətənə xidmət edəcəklərindən qürur duyduqlarını və ən böyük arzularının işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək olduğunu bildiriblər. Gənc çağırışçılar Azərbaycan Bayrağının altından keçərək musiqi sədaları altında Milli Ordu sıralarında hərbi xidmətə fərəhlə yollandılar.

Keçidlər