Rayon İcra Hakimiyyəti başçısının növbəti görüş-səyyar qəbulu Xırdalan şəhəri ərazisində məskunlaşmış laçınlı məcburi köçkünlərlə keçirilmişdir.
22 dekabr 2016-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Xırdalan şəhəri, Bakı İqtisadiyyat və Humanitar Kollecinin yataqxanasında Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşmış Laçınlı məcburi köçkünlərlə görüş-səyyar qəbulu keçirildi. Rayon İcra Hakimiyyətinin başçısı görüşdə çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda, eləcə də məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə həyata keçirilən geniş quruculuq və abadlıq işlərindən, həmçinin məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş və görüləcək işlərdən danışaraq, ötən illərdə olduğu kimi, 2016-cı ilin ötən dövrü ərzində ölkəmizdə xeyli işlər görüldüyünü tədbir iştirakçılarının diqqətinə çatdırdı. Keçirilmiş səyyar qəbulda çıxış edən məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə, xüsusilə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər. Səyyar qəbulda iştirak edən 105 nəfər rayon sakinindən 14 nəfəri müraciət edərək bəzi məsələlərin həllində onlara köməklik edilməsini bildirdilər. Vətəndaşların müraciətləri dinlənilərək, həmin müraciətlərə baxılması üçün aidiyyatı üzrə müvafiq tapşırıqlar verilməklə icrası nəzarətə götürüldü. Səyyar qəbulda Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Abşeron rayon sektorunun müdiri Vidadi İsayev, Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, rayonun idarə və müəssisə rəhbərləri iştirak etdilər.