Laçın rayonunda “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar-treninq keçirildi.
18 noyabr 2016-cı il tarixdə laçınlıların müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində - Rayon Təhsil Şöbəsinin iclas zalında “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda rayonun təhsil işçiləri və yuxarı sinif şagirdləri, dindarları, həmçinin rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə seminar-treninq keçirildi.
Seminar-treninqi giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev rayonda dövlət və din münasibətləri istiqamətində görülən işlər barədə ətraflı məlumat verərək, Ulu öndər Heydər Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində ölkəmizdə insan hüquq və azadlıqlarının bərqərar olmasına, bunun davamı olaraq Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində milli mənəvi dəyərlərimizin qorunmasına və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə dövlət səviyyəsində xüsusi önəm verildiyini, dövlət-din münasibətlərinin tənzimlənməsi prinsiplərinin təsbit olunduğunu, bu sahədə hüquqi-normativ aktların icrasının təmin olunmasına nəzarət edilməsini, konfessiyalar arasında dözümlülük ənənəsinin möhkəmləndirilməsi, milli-mənəvi abidələrimizin bərpası və qorunmasında mühüm tədbirlər həyata keçirildiyini bildirmişdir.
Tədbirdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Əliheydər Zülfüqarov məruzə ilə çıxış edərək Azərbaycan Respublikasının Konstitusiyası, “Dini etiqad azadlığı haqqinda” və “Dini ekstermizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunları ilə ölkəmizdə dini etiqad azadlığı, eləcədə dini fanatizm, dini radikalizm, dini ekstermizm hallarına qarşı mübarizənin tam təmin edildiyini, mövcud qanunvericilik bazasına uyğun olaraq ölkəmizdə istənilən vətəndaşın öz arzusu ilə istədiyi dinə sitayiş etməsinə şərait yaradıldığını qeyd etmişdir. Məruzədə, həmçinin bəzi xarici dövlətlərin dini misioner təşkilatları tərəfindən ölkəmizdə bu sahədə pozucu təbliğat aparması və digər mürtəce niyyətli əməllərə cəhd edilməsinin Azərbaycan Respublikasının milli və siyasi maraqlarına zidd olduğu və qarşısının qətiyyətlə alındığı bildirilmişdir.
Məruzə ətrafında çıxış edənlər cəmiyyətdə baş verə biləcək zidiyyətləri əvvəlcədən görmək və onun qarşısını almaq üçün dövlətimizin kifayət qədər gücə və təcrübəyə malik olduğunu bildirməklə, belə seminar-treniqlərin keçirilməsinin vacib olduğunu, rayonda həmişə dini baxımdan da sabitliyin hökm sürdüyünü, xalqımıza xas olan tolerantlıq ənənələrinin qorunduğunu bildirdilər.
Tədbirdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Əliheydər Zülfüqarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Tərxan Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ bölgəsi üzrə nümayəndəsi Əlizadə Nəcəfov iştirak etmişlər.