Şriftin ölçüsü :

Saytın rəngi :

9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdir.

08 noyabr 2016 | 16:00

08 noyabr 2016-cı il tarixdə Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dövlət Bayrağı Günü ilə bağlı tədbir keçirilmişdir. Ərazidəki 552 ailəlik qəsəbədə fəaliyyət göstərən rayonun ümumtəhsil müəssisələrinin şagirdlərinin Dövlət Bayrağı Günü ilə bağlı təşkil etdikləri yürüş Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış Dövlət Bayrağının ətrafında keçirilən tədbirlə davam etdirilmişdir.
9 noyabr Dövlət Bayrağı Günü münasibətilə bütün tədbir iştirakçılarını təbrik edən Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlyasov İlqar bu gün Azərbaycan Respublikası üzərində dalğalanan  üçrəngli müqəddəs Dövlət Bayrağımızın ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda,  Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada  qəbul edildiyini, 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olduğunu, eyni zamanda         müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin  əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik  və islamçılıq” düsturu müəllifinin görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadə olduğunu bildirmişdir.
Həmçinin o, bildirmişdir ki, rəsmi istifadəsinə qadağa qoyulmuş üçrəngli bayrağımız 71 ildən sonra  1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada  Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan  Respublikasının  Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir.
Tədbirdə digər çıxış edənlər Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin  17 noyabr  2009-cu il tarixli Sərəncamı ilə hər il noyabr ayının 9-nun  Azərbaycan Respublikasında  Dövlət Bayrağı Günü kimi qeyd edilməsinə,  Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramın ən bariz nümunəsi kimi yanaşdıqlarını  xüsusilə vurğulamışlar.
Həmçinin qeyd olunmuşdur ki, Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə edilmiş əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunmaqla,  bu bayram ölkədə qeyri-iş günü olan bayramlar siyahısına daxil edilmişdir.
Eyni zamanda çıxışlarda qəti əminliklə bildirilmişdir ki, xalqımız ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında tezliklə ölkəmizin ərazi bütövlüyünün bərpasına nail olacaq, dövlət müstəqilliyimizi əbədi edəcəkdir.
Tədbirdə rayon məktəblilərinin ifasında Dövlət Bayrağı Gününə həsr olunmuş  şerlər səsləndirilmişdir.

Keçidlər