Laçın Rayon İcra Hakimiyyəti başçısının məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu Qaradağ rayonunda keçirildi.
29 oktyabr 2016-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Bakı şəhərinin Qaradağ rayonunun Ümid qəsəbəsində bu rayonda müvəqqəti məskunlaşmış Laçınlı məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirildi. Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda, eləcə də məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə həyata keçirilən geniş quruculuq və abadlıq işlərindən, həmçinin məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gələcəkdə görüləcək tədbirlərdən danışaraq, ötən illərdə olduğu kimi, 2016-cı ilin ötən dövrünün də ölkəmizdə xeyli işlər görüldüyünü tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Keçirilmiş səyyar qəbulda çıxış edən məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə, şəxsən Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Səyyar qəbulda 94 nəfər iştirak etdi, 16 nəfərin müraciəti dinlənilərək, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, rayonun idarə və müəssisə rəhbərləri iştirak etdilər.