Şəhid ailəsinə tikilmiş fərdi yaşayış evi ailəsinə təqdim olunub.
20 oktyabr 2016-cı il tarixdə Ağcabədi rayonunun Taxtakörpü adlanan ərazisində aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Laçın rayonunun Qarakeçdi kəndində doğulan Ülvin Məmmədovun ailəsi üçün yeni inşa edilmiş fərdi yaşayış evi ailəsinin istifadəsinə verilib.
Əvvəlcə Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli və rayonun Taxtakörpü qəsəbəsi ərazisində məskunlaşmış sakinləri şəhid Ülvin Məmmədovun məzarını ziyarət edib, məzarı üstünə əklil qoyublar.
Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə Ağcabədi rayonunun Taxtakörpü adlanan ərazisindəki məcburi köçkünlər üçün istifadəyə verilmiş 552 ailəlik qəsəbənin ərazisində yeni inşa olunmuş,ümumi sahəsi 18 sot olan torpaq sahəsində inşa edilən 80 kv.m-lik, hər cür şəraitlə təmin olunmuş 3 otaqlı evdən və 60 ədəd meyvə və dekorativ ağac əkilmiş həyətyanı sahədən ibarət fərdi yaşayış evinin açarı şəhidin ailəsinə təqdim olunub.
Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli və yerli ictimaiyyətin nümayəndələri dövlət başçısı cənab İlham Əliyevin məcburi köçkünlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin təmin edilməsi məqsədilə imzaladığı fərman və sərəncamlardan razılıqlarını və ölkəmizin iqtisadi və hərbi gücününün artması nəticəsində torpaqlarımızın tezliklə azad olunacağına əmin olduqlarını bildirmişlər.
Şəhid Ülvin Məmmədovun ailəsi həyat şəraitlərinin yaxşılaşdırılmasına göstərdiyi yüksək diqqət və qayğıya görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.