15 sentyabr Bilik Günü Laçınlılar tərəfindən sevinclə qeyd edildi.
15 sentyabr - Bilik Günü ilə əlaqədar Rayon İcra Hakimiyyəti və Rayon Təhsil Şöbəsinin əməkdaşları rayonun ümumtəhsil məktəblərində olmuş, şagirdlər, valideynlər və müəllimlərlə görüşmüş, yeni dərs ilinin başlanması münasibəti ilə onları rayon ictımaiyyəti adından təbrik etmişlər.
Yeni dərs ilinin ilk günündə rayonun Taxtakörpü qəsəbə, Düşərgə qəsəbə və 37 nömrəli tam orta məktəblərində olan Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli rayonun bütün pedaqoji kollektivlərini təbrik etmiş, onlara fəaliyyətlərində uğurlar arzulamışdır. Məktəb kollektivləri ilə görüşündə rayon üzrə ali məktəbə 325 nəfərin qəbul olmasını, 57 nəfərin 500-dən, 15 nəfərin isə 600-dən yuxarı bal toplamasını yüksək qiymətləndirmiş, yeni dərs ilində bundan da yüksək göstəricinin əldə edilməsini arzulamışdır.
2016-2017-ci dərs ilinə hazırlıqla əlaqədar hazırda rayon üzrə 116 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bunlardan 4-ü ibtidai, 30-u ümumi orta, 82-si tam orta məktəb, 5-i isə məktəbdənkənar təhsil müəssisəsidir. Hazırda bu məktəblərdə təhsil alacaq şagirdlərin ümumi sayı 10895 nəfərdir ki, bunlardan da 1276 nəfəri birinci sinfə daxil olanlardır. Şagirdlərin təlim-tərbiyəsi ilə 2648-ə yaxın müəllim məşğuldur ki, onlardan da 37 nəfəri yeni dərs ili ərəfəsində Təhsil Nazirliyinin göndərişi ilə gəlmiş və işlə təmin edilmiş gənc müəllimlərdir. Yeni dərs ili ərəfəsində rayonun ümumtəhsil məktəblərində 9-cu siniflərə dərs deyəcək 70 nəfər müəllim müvafiq regionlar üzrə təşkil edilmiş kurikulum təlim kurslarından keçmiş və lazımi sertifikatlar almışlar.
Yeni tədris ili ərəfəsində Rayon Təhsil Şöbəsi tərəfindən rayonunun ümumtəhsil məktəblərinə 69 adda 45634 ədəd dərslik, eyni zamanda 4500 ədəd müəllim üçün metodik vəsait paylanmışdır.
Yeni tədris ilinə hazırlıqla əlaqədar rayon üzrə büdcə vəsaiti hesabına 9 məktəbdə əsaslı və cari təmir işləri aparılmışdır.