Laçın Rayon İcra Hakimiyyətinin başçısının məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu Qax rayonunda keçirildi.
4 avqust 2016-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Qax rayonu ərazisində müvəqqəti məskunlaşmış Laçınlı məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli görüşdən əvvəl ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda həyata keçirilən geniş quruculuq və abadlıq işlərindən danışaraq, ötən illərdə olduğu kimi, 2016-cı ilin ötən dövrünün də ölkəmizdə xeyli işlər görüldüyünü tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Bununla yanaşı o, ölkə başçısının məcburi köçkünlərə olan diqqət və qayğısından bu qayğının əsası hələ Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdən başladığını, bu gündə İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini bildirmişdir.
Keçirilmiş səyyar qəbulda çıxış edən məcburi köçkünlər onlara göstərilən davamlı diqqət və qayğıya görə Azərbaycan dövlətinə, şəxsən Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər. Məcburi köçkünlər əminliklə ifadə etmişlər ki, hər zaman olduğu kimi, bu gün də bütün laçınlılar Prezident İlham Əliyev cənablarının milli maraqlara söykənən daxili və xarici siyasətini, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi istiqamətində apardığı uğurlu siyasəti və dəyişməz mövqeyini hamılıqla bəyənir və dəstəkləyirlər. Çünki, onlar bu siyasətin ölkəmizin ərazi bütövlüyünün bərpasına gətirib çıxaracağına tam əmindirlər.
Səyyar qəbulda 80 nəfər iştirak etmiş, 12 nəfərin müraciəti dinlənilərək, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir.
Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, rayonun idarə və müəssisə rəhbərləri iştirak etmişlər.