Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayonu üzrə 2016- cı ilin birinci yarımilində görülmüş işlərə və qarşıda duran vəzifələrə dair geniş Şura iclası keçirilmişdir.

19 iyul 2016 | 16:00

19 iyul 2016-cı il tarixdə Laçın rayon sakinlərinin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində-Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatında Laçın rayonu üzrə 2016- cı ilin birinci yarımilində görülmüş işlərə və qarşıda duran vəzifələrə dair geniş Şura iclası keçirilmişdir.
İclasdan əvvəl yığıncaq iştirakçıları Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında Ulu Öndər Heydər Əliyevin ucaldılmış büstünü ziyarət etmiş, büstün önünə tər güllər düzməklə, hörmət və ehtiramlarını bildirmişlər.
Yığıncaqda Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin görülən işlər və qarşıda duran vəzifələr barədə məruzəsi dinlənilib, laçınlı məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirildiyi diqqətə çatdırılıb.
Bildirilmişdir ki, Laçınlı məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, problemlərin öyrənilməsi və vaxtında həll olunması daim diqqət mərkəzində saxlanılır. 2016-cı ilin birinci yarısında laçınlı məcburi köçkünlərin məskunlaşdıqları şəhər və rayonlarda 46 səyyar qəbul keçirilib. 3742 nəfərin iştirak etdiyi bu qəbullarda  360  nəfər, Rayon İcra Hakimiyyəti başçısı aparatında isə 2019 nəfər rayon sakininin müraciəti dinlənilmişdir.
Eyni zamanda bildirilmişdir ki, cari ildə Taxtakörpü və Qayğı qəsəbələrində geniş abadlıq işləri aparılmış, 1000 ədəd müxtəlif növ həmişəyaşıl ağac, həmçinin qızılgül kolu və mövsümü çiçəklər əkilmişdir. Məcburi köçkünlərin məskunlaşdığı 84 oba və 2 qəsəbədə əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün 10 və 0.4 kV-luq elektrik hava xətlərində yararsız hala düşmüş 11 min metr naqil yenisi ilə əvəzlənmiş, Şeylanlı-1 və Ağbulaq obalarına yeni 10 kV-luq elektrik verilişi xətti çəkilmişdir. Vağazin, Şeylanlı, Mişni, Hacılar, Ağbulaq obalarında yeni transformatorlar quraşdırılmış, digər obalarda müxtəlif gücə malik 6 transformator əsaslı təmir edilmişdir. Mişni, Alxaslı, Şeylanlı, Hacılar, Sadınlar obalarında, 552 və 21 ailəlik qəsəbələrdə olan içməli su şəbəkələrində yararsız hala düşmüş su xətlərinin 750 metr hissəsi yenisi ilə əvəz olunmuş, Qarıqışlaq kənd tam orta məktəbinin həyətinə plastik boru ilə içməli su xətti çəkilmişdir. Obalararası yollarda təmir işləri aparılmışdır.
Həmçinin bildirilmişdir ki, Taxtakörpü qəsəbəsində qrunt sularının kənarlaşdırılması məqsədilə uzunluğu 400 metrdən artıq kanal qazılmış, Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun xətti ilə 552 ailəlik qəsəbədə qrunt sularının kənara axıdılması üçün drenaj şəbəkəsi tikilmişdir.
Məruzə və çıxışlarda görülmüş işlərlə yanaşı mövcud problem və çatışmazlıqlar da qeyd olunub, qarşıda duran vəzifələrdən danışılıb. Bildirilib ki, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əlavələrə əsasən qamış və daxal evlərdə məskunlaşmış ailələr üçün 1500 evin tikilməsi, Taxtakörpü qəsəbəsində həyətyanı sahələrə təsərrüfat suyunun verilməsi, Qayğı qəsəbəsində  müvəqqəti məskunlaşmış  məcburi köçkün ailələrin məişət qazı ilə təmin olunması, Ağbulaq, Vağazin, Ərdəşəvi, Alxaslı, Qarıqışlaq, Hacılar, Qoşasu və digər  obalarda daxili avtomobil yollarının təmir edilməsi, Şeylanlı-1 və Vağazin-3 obasının içməli su ilə təmin olunması, 37 ailəlik qəsəbədə elektrik təchizatının yaxşılaşdırılması qarşıda duran vəzifələrdəndir.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatındakı roluna və 65 yaşının tamam olması münasibəti ilə Rayon İcra Hakimiyyətinin əməkdaşı Alyarov Eldəniz Süleyman oğlu Rayon İcra Hakimiyyətinin fəxri fərmanı və qiymətli hədiyyə ilə təltif olunmuşdur.

Keçidlər