Taxtakörpü ərazisində 4183 ton taxıl məhsulu istehsal edilmişdir
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli məcburi köçkün əhalinin sosial rifah halının yaxşılaşdırılması məsələlərini daim diqqət mərkəzində saxlayır. Laçın rayonundan olan məcburi köçkünlərin kompakt olaraq müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü adlanan ərazisindəki obalarda məcburi köçkünlərin əsas məşğuliyyəti kənd təsərrüfatı olduğundan burada taxılçılığa diqqət ilbəil artırılır. Ərazidəki laçınlı məcburi köçkünlər tərəfindən 2015-ci ilin payızında 2016-cı ilin məhsulu üçün 1632.0 hektar sahədə taxıl səpini aparılmış, sahələrdə yaxşı bitiş alınmış, vaxtında suvarma işlərinin aparılması sahələrdən bol məhsul almağa real zəmin yaratmışdır.
Cari ilin biçin kampaniyasının normal surətdə təşkil edilməsinin təmin olunması məqsədilə Laçın Rayon İcra Hakimiyyətinin başçısının müvafiq sərəncamı ilə aidiyyəti rayon təşkilatlarının nümayəndələrindən ibarət komissiya yaradılmış, biçin işləri və məhsul toplanışı ciddi nəzarətdə saxlanılmış, mövcud kombaynlarla yanaşı ətraf rayonlardan əlavə kombaynlar işə cəlb edilərək sahələrdən itkisiz və bol məhsulun götürülməsinə nail olunmuşdur.
Belə ki, 2016-cı ilin taxıl biçini mövsümündə əhali təsərrüfatlarında olan və yaza salamat çıxmış 1518.0 hektar sahədə taxıl biçilmiş, 4183 ton taxıl məhsulu istehsal edilmişdir. Orta hesabla hər hektardan məhsuldarlıq 28 sentner təşkil etmişdir. Biçilmiş sahələrin 212 hektarı buğda, 1306 hektarı arpa sahələri, istehsal edilmiş məhsulun 592 tonu buğda məhsulu, 3591 tonu arpa məhsulu təşkil etmişdir.