28 May Respublika Gününü laçınlılar bayram əhval-ruhiyyəsi ilə qeyd etdilər
28 may 2012-ci il tarixdə Ağcabədi rayonu ərazisindəki Taxta körpü qəsəbəsində, Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 94-cü ildönümü ilə bağlı bayram tədbiri keçirilmişdir.
Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı büstü və qəsəbədəki şəhidlərin Xatirə Kompleksi rayon ictimaiyyəti nümayəndələri tərəfindən ziyarət olunaraq önünə gül dəstələri qoyulmuşdur.
Sonra tədbir rayon İcra Hakimiyyətinin inzibati binasının konfrans zalında davam etdirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov tərəfindən tədbir açıq elan edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Rayon rəhbəri dövlətçiliyimiz tarixində, eləcədə müsəlman aləmində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi əhəmiyyətindən danışmış, Cümhuriyyət xadimləri arasında iki nəfər-Xosrov Paşa bəy Sultanov və Nurməmməd bəy Sahsuvarov kimi həmyerlilərimizin olmasını qeyd etmiş, qısa müddət ərzində Cümhuriyyət xadimlərinin böyük işlər gördüklərini, bu gün də özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edən müasir Azərbaycan dövlətinin, xalqımızın Ulu Öndəri Heydər Əliyevin əvəzolunmaz dövlətçilik strategiyası əsasında inkişaf edərək müstəqilliyinin əbədiliyinin və dönməzliyinin təmin edilməsi, həmçinin ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirtdiyi uzaqgörən daxili və xarici siyasət sayəsində bütün sahələrdə dünyanın ən inkişaf edən dövlətlərindən birinə çevrilməsi barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir. Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi tarixi yol və müasir Azərbaycan dövlətinin inkişafı ilə bağlı rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlham Quluyevin məruzəsi dinlənilmiş, məruzə ətrafında çıxışlar edilmişdir. Sonra tədbir Taxta körpü qəsəbəsindəki Ulu Öndər Heydər Əliyev adına parkda bayram konserti ilə davam etdirilmişdir. Rayon mədəniyyət evinin bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə təqdim olunan geniş konsert proqramı rayon sakinlərində yüksək bayram əhval ruhiyyəsi yaratmışdır.