Növbəti görüş-səyyar qəbul Şəki şəhərində keçirildi.
30 iyun 2016-cı il tarixdə günün ikinci yarısında Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Şəki rayonu ərazisindəki yeni salınmış Çələbixan köçkünlər qəsəbəsində müvəqqəti məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir.
Əvvəl Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ölkəmizin digər rayonları ilə yanaşı laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları və respublikamızın digər yaşayış məntəqələrində həyata keçirilmiş abadlıq-quruculuq işlərindən danışmış, ötən illərdə olduğu kimi, 2016-cı ilin dövlət büdcəsinin də sosial yönümlü olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Vurğulanmışdır ki, məcburi köçkünlərə olan bu qayğının əsası hələ Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdən başlamış, İlham Əliyev cənablarının ölkəyə rəhbərlik etdiyi illər ərzində daha da geniş vüsət almışdır.
Keçirilmiş səyyar qəbulda çıxış edən məcburi köçkünlər onlara göstərilən davamlı diqqət və qayğıya görə Azərbaycan dövlətinə, şəxsən Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər. Məcburi köçkünlər əminliklə ifadə etmişlər ki, hər zaman olduğu kimi, bu gün də bütün laçınlılar Prezident İlham Əliyev cənablarının milli maraqlara söykənən daxili və xarici siyasətini bəyənir və onu elliklə müdafiə edirlər. Çünki, onlar bu siyasətin ölkəmizin ərazi bütövlüyünün bərpasına gətirib çıxaracağına əmindirlər.
Səyyar qəbulda 150 nəfər iştirak etmiş, 28 nəfərin müraciəti isə dinlənilmiş, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir.
Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, rayonun idarə və müəssisə rəhbərləri iştirak etmişlər.