44 günlük Vətən müharibəsi şəhidi Mənsur Əhmədovun anım günü ilə bağlı tədbir keçirilmişdir.
Laçın Rayonu İcra Hakimiyyəti başçısının 2025-ci il 20 oktyabr tarixli 5-64/3-3-158/2025 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2025-ci il 8 noyabr - Zəfər Gününün beşinci ildönümünün qeyd edilməsi ilə bağlı Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının tədbirlər planı”nın 5-ci bəndinin icrası ilə əlaqədar Laçın rayonu üzrə şəhid olmuş şəxslərin ailələrinin ziyarət olunması, onların sosial problemlərinin öyrənilməsi və həlli sahəsində tədbirlərin davam etdirilməsi istiqamətində məqsədyönlü işlər aparılır.
Həmin tədbirlər planının icrası olaraq 2025-ci il 22 oktyabr tarixdə Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini Aynurə Həsənova Vətən müharibəsi şəhidi Əhmədov Mənsur Mamed oğlunun anım günü ilə bağlı Yeni Azərbaycan Partiyası Laçın Rayon Təşkilatının sədri İlqar İlyasov, Laçın Rayonu İcra Hakimiyyəti başçısının Kamallı, Bozlu, Köhnəkənd, Malxələf kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin əməkdaşları, şəhid ailə üzvləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri ilə birlikdə onun ailəsini və məzarını ziyarət etmişlər.
Tədbir iştirakçıları əvvəlcə şəhidlik zirvəsinə ucalmış şəhid Mənsur Əhmədovun məzarını ziyarət edərək onun əziz xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə çıxış edən Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini Aynurə Həsənova Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və şanlı Azərbaycan Ordusunun şücaəti nəticəsində düşmən tapdağında olan əzəli torpaqlarımızın azad olunmasını Azərbayan tarixinə qızıl hərflərlə həkk olunduğunu qeyd edərək, Vətənimizin ərazi bütövlüyünün təmin olunması uğrunda canından keçmiş qəhrəman oğullarımıza Uca Tanrıdan rəhmət diləmiş, ərazi bütövlüyümüzün tam təmin olunmasına görə hər bir Azərbaycan vətəndaşının daim qəhrəman şəhidlərimizə borclu olduğunu bildirmişdir.
Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının sədri İlqar İlyasov, eləcədə digər çıxış edənlər şəhid Mənsur Əhmədovun keçdiyi şərəfli döyüş yolundan söhbət açmış, onun yaxınlarına Allahdan səbr diləmişlər.
Şəhidin atası Mamed Əhmədov və onun ailə üzvləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə ölkə başçısı cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.






