Şriftin ölçüsü :

Saytın rəngi :

44 günlük Vətən müharibəsi şəhidi Laçınlı Etibar Mehman oğlu Nəcəfov şəhadətə yüksəlişinin növbəti il dönümü ilə bağlı anım mərasimi keçirilmişdir

27 noyabr 2023 | 09:35

      Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısının məsul əməkdaşları Cabir Əvəzzadə, Cövhər Sadıqzadə, rayonun Şeylanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və çoxsaylı ictimaiyyət nümayəndələri iştirak etmişdir.

     Tədbir iştirakçıları Ağcabədi rayonu Taxtakörpü ərazisindəki Şeylanlı kənd qəbiristanlığına gedərək Etibar Nəcəfovun məzarını ziyarət edib, qəbirüstü abidəsinə tər  qərənfillər düzərək  xatirəsini ehtiramla yad etmişlər.

     Mərasimdə çıxış edənlər qəhrəman vətən oğlunun keçdiyi döyüş yolundan  bəhs edərək onun şücaətindən  iftixar hissi keçirdiklərini qeyd etmişlər.

       Laçın rayonunun Şeylanlı kənd sakini şəhid Nəcəfov Etibar Mehman oğlu 14 noyabr 1998-ci il tarixdə Ağcabədi rayonunun Aran kəndində anadan olmuşdur. 2014-cü ildə Ağcabədi rayonunun Aran kənd ümumi orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 2016-ci ildə Aran kənd 1 saylı tam orta məktəbinin 11-ci sinfini bitirmişdir. Nəcəfov Etibar Mehman oğlu 2017-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə yola düşmüş, 2018-ci ilin iyul ayında hərbi xidmətdən ehtiyata buraxılmışdır.

       27 sentyabr 2020-ci il tarixdə Azərbaycan ordusu əks hücum əməliyyatlarına başlayan zaman Nəcəfov Etibar Mehman oğlu könüllü olaraq torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərə qatılmış, Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 20 oktyabr 2020-ci il tarixdə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 26 noyabr 2020-ci il tarixdə Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki Şeylanlı kənd qəbiristanlığında dəfn edilmişdir.

     Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Keçidlər