44 günlük Vətən müharibəsi şəhidi Laçınlı Elnur Şahmurad oğlu Cabbarovun şəhadətə yüksəlişinin növbəti il dönümü ilə bağlı anım mərasimi keçirilmişdir.
Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Tofiq Mirzəyev, aparatın əməkdaşı vətən müharibəsi qazisi Cövhər Sadıqzadə ,rayonun Qarakeçdi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Həsənquluyev, şəhidin ailə üzvləri və çoxsaylı ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Tədbir iştirakçıları Ağcabədi rayonu Taxtakörpü ərazisində ki Qarakeçdi kənd qəbiristanlığına gedərək Elnur Cabbarovun məzarını ziyarət edib, qəbirüstü abidəsinə tər qərənfillər düzərək xatirəsini ehtiramla yad etmişlər.
Mərasimdə çıxış edənlər qəhrəman vətən oğlunun keçdiyi döyüş yolundan bəhs edərək onunu şücaətindən iftixar hissi keçirdiklərini qeyd etmişlər.
Laçın rayonunun Qarakeçdi kənd sakini şəhid Cabbarov Elnur Şahmurad oğlu 15 sentyabr 1994-cü ildə Laçın rayonunun Qarakeçdi kəndində anadan olmuşdur. 1 sentyabr 2001-cı ildə Laçın rayon Taxtakörpü qəsəbə tam orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Cabbarov Elnur Şahmurad oğlu 2013-cü ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanmış, 2015-ci ilin aprel ayında həqiqi hərbi xidmətdən tərxis olunmuşdur. 17 iyun 2020-ci ildən Azərbaycan ordusunda müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlamışdır.
27 sentyabr 2020-ci il tarixdə Azərbaycan ordusunun əks hücum əməliyyatına başlayan zaman Cabbarov Elnur Şahmurad oğlu torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərə qatılmış, Cəbrayıl, Füzuli, Xocavənd, Zəngilan və Şuşa rayonlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 5 noyabr 2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə ağır yaralanmış, 12 noyabr 2020-ci ildə şəhid olmuşdur. Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki Qarakeçdi obasında Qarakeçdi kənd qəbiristanlığında dəfn olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən ölümündən sonra "Qarabağ" ordeni, “Vətən uğrunda” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Allah rəhmət eləsin!