FAO-nun, Azərbaycan və İsveçrə hökumətlərinin birgə maliyyyələşdirdikləri “Ağdam rayonunun yeni salınmış qəsəbələrində məskunlaşmış məcburi köçkünlər üçün kənd yerlərinin inkişafı üzrə qabiliyyətlərin artırılması” layihəsi başa çatmışdır.
Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov başda olmaqla, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), eləcə də Braziliya və İsveçrənin Azərbaycandakı səfirliklərinin əməkdaşları 17 may 2012-ci il tarixdə Ağdam rayonunda olmuşlar. Səfərin məqsədi FAO-nun Azərbaycan və İsveçrə hökumətlərinin birgə maliyyyələşdirdikləri “Ağdam rayonunun yeni salınmış qəsəbələrində məskunlaşmış məcburi köçkünlər üçün kənd yerlərinin inkişafı üzrə qabiliyyətlərin artırılması” layihəsinin başa çatması ilə əlaqədar təşkil olunmuş kənd təsərrüfatı məhsullarının satış sərgisində və layihənin rəsmi bağlanış mərasimində iştirak etmək idi.
Tədbir iştirakçıları əvvəlcə Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Dövlət Dram Teatrının qarşısında kənd təsərrüfatı məhsullarının satış sərgisi ilə tanış olmuşlar. Bildirilmişdir ki, burada sərgilənən kənd təsərrüfatı məhsulları FAO-nun Azərbaycan və İsveçrə hökumətlərinin birgə maliyyələşdirdiyi yuxarıda adı çəkilən layihə əsasında yetişdirilən məhsullardır. Sərgi yarmarkada Ağdam və ətraf rayonlarda fəaliyyət göstərən biznesin inkişaf xidmətləri, kənd təsərrüfatı məhsulları istehsalçıları, yerli və məcburi köçkün fermerlər öz məhsullarını və xidmətlərini nümayiş etdirmişlər.
Kənd təsərrüfatı sərgi yarmarkasında Nazirlər Kabinetinin, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Kənd Təsərrüfatı Nazirliyinin, İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatının, Braziliya və İsveçrənin Azərbaycandakı səfirliklərinin, beynəlxalq və yerli təşkilatların, Ağdam, Laçın və Füzuli Rayon İcra Hakimiyyətinin və FAO-nun nümayəndələri, fermerlər iştirak etmişlər.
Sonra Ağdam Rayon İcra Hakimiyyətinin binasında layihənin rəsmi bağlanış mərasimi keçirilmişdir. FAO-nun Azərbaycan üzrə nümayəndəsi Mustafa Sinasör bildirmişdir ki, layihənin əsas məqsədi Azərbaycanın Ağdam və digər rayonlardan məcburi köçkün düşmüş ailələrin həyat şəraitini yaxşılaşdırmaqdır. FAO Azərbaycan hökuməti ilə birgə əməkdaşlıq edərək məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün yeni istehsal sahələrinin yaradılması, xüsusən kənd təsərrüfatının inkişafı istiqamətində bir sıra layihələr həyata keçirir. Bunlardan biri də yuxarıda adı çəkilən layihədir. İcrasına 2009-cu ildən başlanılan layihə Ağdam rayonunun 14 qəsəbə və 7 kəndində 3100 ailəni əhatə etmişdir. Layihənin həyata keçirilməsində donor ölkə kimi Braziliya yaxından iştirak etmişdir. Layihənin çox uğurlu nəticələri olmuşdur. Fermerlər, fərdi torpaq mülkiyyətçiləri və ayrı-ayrı təsərrüfat subyektləri layihə çərçivəsində bazara sərbəst çıxış əldə etmişlər. Bank olmayan kredit təşkilatlarının ayırdıqları kreditlər hesabına əhaliyə xeyli maliyyə yardımları verilmişdir. Layihə müddətində fermerlər 2 milyon 400 min ABŞ dollarından çox gəlir əldə etmişlər. Gəlirlər ümumilikdə 5645 ailəni əhatə etmişdir.
Layihənin əməkdaşı Səbuhi Sultanov görülmüş işlərin nəticələri ilə bağlı geniş təqdimatla çıxış etmişdir.
Layihədən bəhrələnən məcburi köçkün Raqif Məmmədov onlar üçün yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və hökumətə minnətdarlığını bildirmişdir. O, layihənin əhəmiyyətini xüsusi qeyd edərək demişdir ki, bu cür layihələr məcburi köçkünlərin rifahının yaxşılaşdırılmasında mühüm rola malikdir.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov, Bank olmayan kredit təşkilatı “Caspian İnvest” MMC-nin idarə heyətinin sədri Natiq Məmmədov, İsveçrənin Azərbaycandakı səfiri xanım Sabin Ulmann Şaban, Braziliyanın ölkəmizdəki səfiri Sergio Aruda çıxış edərək layihə ilə bağlı fikirlərini bölüşmüşlər. Diplomatlar Azərbaycan hökumətinin məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işləri, layihəyə verdiyi dəstəyi və beynəlxalq donor təşkilatlarla əməkdaşlığını yüksək qiymətləndirmişlər.
Kənd təsərrüfatı naziri İsmət Abasov FAO-nun dəstəyi ilə ölkəmizdə reallaşdırılan layihənin əhəmiyyətini qeyd etmiş, Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafına daim diqqət yetirdiyini xüsusi vurğulamışdır.
“Azərbaycan qloballaşan dünyada ərzaq təhlükəsizliyinin təmin olunmasına layiqli töhfəsini verməyə qadirdir. Lakin beynəlxalq təşkilatların da bildiyi kimi, təcavüzkar Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması bizim bu istəyimizi reallaşdırmağa imkan vermir”, - deyən Baş nazirin müavini Əli Həsənov qeyd etmişdir ki, beynəlxalq ictimaiyyətin təzyiqi ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyulduqdan sonra Azərbaycan bu sahədə də öz sözünü deyəcəkdir.
Əli Həsənov layihənin nəticələrindən, məcburi köçkünlərin həyatındakı faydasından razılığını bildirmiş, onun davam etdirilməsinin vacibliyini söyləmişdir. Ulu öndər Heydər Əliyevin qaçqın və məcburi köçkünlərin problemlərini ölkənin bir nömrəli problemi hesab etdiyini xatırladan Əli Həsənov Prezident İlham Əliyevin bu sahədə böyük xidmətlərini yada salmış, FAO təşkilatının Azərbaycanda uğurla fəaliyyət göstərdiyini bildirmiş, beynəlxalq təşkilatlara yardımlarına görə minnətdarlıq etmişdir. Baş nazirin müavini demişdir: “Siz ölkənin bir nömrəli probleminin həllinə kömək edirsiniz”. Əli Həsənov qeyd etmişdir ki, 2012-ci il də daxil olmaqla dövlət qaçqın və məcburi köçkünlərə 5 milyard 300 milyon manat vəsait xərcləmişdir. Bunun 3 milyard manatı büdcənin, 1 milyard 400 milyon manatı Neft Fondunun, qalanı isə beynəlxalq humanitar təşkilatların payına düşür. Ümid edirik ki, Ermənistanı himayə edən dövlətlər nəhayət ki, öz qeyri-obyektiv mövqelərindən əl çəkəcəklər.
Sonda FAO layihəsinin iştirakçıları olan fermerlərə sertifikatlar verilmişdir.
Tədbirdə rayonu Laçın rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlham Quluyev təmsil etmişdir.