Məcburi köçkünlərlə növbəti görüş-səyyar qəbul keçirildi.
20 may 2016-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən Aqil Nəzərlinin Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Qoşasu obasında müvəqqəti məskunlaşmış Laçınlı məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir.
Rayon rəhbəri Aqil Nəzərli laçınlı məcburi köçkünlərin sıx məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisində və digər yaşayış məntəqələrində həyata keçirilmiş abadlıq-quruculuq işlərindən danışmış, ötən illərdə olduğu kimi, 2016-cı ilin dövlət büdcəsinin də sosial yönümlü olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Səyyar qəbulda çıxış edən məcburi köçkünlər onlara göstərilən davamlı diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirməklə məskunlaşdıqları ərazidə bir sıra həlli vacib məsələlərin həllinə köməklik göstərməsini xahiş etmişlər. Belə ki, obadaxili elektrik və içməli su xətlərinin, həmçinin obadaxili yolların təmiri və ərazidəki suvarma kanallarının lildən təmizlənməsi, habelə əraziyə səyyar həkim briqadasının göndərilməsi və digər məsələlər bildirilmişdir. Qaldırımış məslələr üzrə aidiyyəti idarə müəssisə rəhbərlərinə tapşırıqlar verilmiş, gün ərzində dərhal 1500 m elektrik naqili verilmiş, digər məsələlərin həlli isə nəzarətə götürülmüşdür.
Səyyar qəbuldan sonra Aqil Nəzərli ərazidə məskunlaşmış şəhid anası Qoşasu kənd sakini Cəbrayılova Tərlan Həşim qıznın mənzil-məişət şəraiti ilə tanış olaraq ailəyə maddi köməklik göstərmişdir. Şəhid anası Cəbrayılova Tərlan şəhid oğlunun qəbrinin bərpa olunmasını xahiş etmiş, onun xahişi nəzərə alınaraq bu məsələyə köməklik olunacağı bildirilmişdir.
Səyyar qəbulda Rayon Prokuroru ,Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, rayonun idarə və müəssisə rəhbərləri iştirak etmişlər.