Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü laçınlılar tərəfindən qeyd olunmuşdur.
28 aprel 2016-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Laçınlı məcburi köçkünlərin daha sıx məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində - tədbir keçirilmişdir. Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının mənzil qərargahının konfrans zalında Zərifə xanım Əliyevanın xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbiri açıq elan edən Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarov Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyeva haqqında məlumat verərək, ölkəmizdə və dünyada Zərifə xanım Əliyevanı tanıyanlar tərəfindən onun anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbirlərin təntənə ilə qeyd olunduğunu bildirmişdir. Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə əlaqədar hazırlanmış “İnsanlara nur bəxş edən ləyaqət nümunəsi” mövzusunda məruzə dinlənilmişdir.
Məruzə ətrafında çıxış edənlər gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı Zərifə xanım Əliyevanın geniş biliyə malik olmasını, peşəsinə hədsiz məhəbbətini və insanlara daim xeyirxahlıq hissi ilə yanaşmasını dərin məhəbbətlə xatırlamışlar.
Eyni zamanda bildirilmişdir ki, bu gün Zərifə xanım Əliyeva zərifliyi, xeyirxahlığı, insanpərvərliyi onun övladları və nəvələri tərəfindən daha geniş şəkildə davam etdirilir. Ulu öndər Heydər Əliyev və Zərifə xanım Əliyeva ocağının yetirməsi olan Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müasir Azərbaycan dövlətinin çiçəklənməsi, tərəqqisi və dünyada tanıdılması istiqamətindəki yorulmaz fəaliyyəti isə hər bir azərbaycanlının qəlbində qürur və iftixar hissi yaradır. Tədbirdə həmçinin bildirilmişdir ki, ölkəmizdə və sərhədlərimizdən kənarda Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın həyata keçirdiyi geniş humanizm siyasəti isə Heydər Əliyev ideyalarının təzahürü olmaqla bu ocaqdan qaynaqlanan insanpərvərliyin təcəssümüdür.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının rəsmi nümayəndəsi də iştirak etmişdir.