Ölkəmizdəki Beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələrinin iştirakı ilə “Laçınsız...” filminin təqdimatı keçirilmişdir
2012-ci il mayın 18-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə əlaqədar hazırlanmış “Laçınsız...” filminin təqdimat mərasimi keçirilmişdir.
Laçın rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin və beynəlxalq təşkilatların təmsilçiləri iştirak etmişlər.Mərasimdən əvvəl iştirakçılar teatrın foyesində Laçın rayonundan bəhs edən fotostend və sərgi ilə tanış olmuşlar.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov mərasimi açıq elan etdikdən sonra işğal zamanı şəhid olmuş və itkin düşmüş rayon sakinlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Rayon rəhbərinin çıxışında füsunkar təbiətə, çox mühüm strateji əhəmiyyətə malik olan Laçının erməni silahlı qüvvələri tərəfindən işğalından 20 il ötdüyü qeyd edilmiş, doğma yurd həsrəti ilə yaşayan hər bir laçınlı üçün may ayının bu günlərinin ən ağır yaşam günlərindən birinə çevrildiyi bildirmişdir. İştirakçıların nəzərinə çatdırılmışdır ki, 1992-ci ilin mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən rayonunun bir şəhəri, bir qəsəbəsi, 125 kəndi, 1835 kvadrat kilometrlik ərazisi işğal edilmiş, ümumilikdə rayona 7.1 milyard Amerika dollarından çox maddi ziyan dəymişdir. Həmçinin işğal zamanı rayon sakinlərindən 238 nəfərin şəhid olduğu, 66 nəfərin itkin düşdüyü, 120 nəfər rayon sakininin əlil və şikəst olduğu, yüzlərlə uşaq bir valideynini, 31 nəfər uşaq isə hər iki valideynini itirərək yetim qaldığı qeyd olunmuşdur. Xüsusilə vurğulanmışdır ki, faciədən 20 il ötməsinə baxmayaraq işğal zamanı itkin düşmüş və girov götürülmüş 66 nəfər rayon sakininin taleyi bu gün də məlum deyildir. Bildirilmişdir ki, işğal nəticəsində 58 mindən çox rayon sakini respublikanın 59 rayon və şəhərində 800-dən çox yaşayış məntəqəsinə səpələnmişdir.
Tədbirdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış edərək, artıq belə tədbirlərin formatında dəyişikliklər etməyin, mübarizə ruhlu mərasimlərə üstünlük verilməsinin qeyd etmiş, bildirmişdir ki, Ermənistan silahlı qüvvələri Şuşa və Laçını Rusiyanın keçmiş müdafiə naziri, anası erməni olan Pavel Qraçovun dəstəyi ilə işğal etmişlər. Çıxışında Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində böyük rol oynadığını bildirən Ə.Həsənov bu ölkənin yeni seçilmiş Prezidenti Vladimir Putinin münaqişənin ədalətli həllinə yardımçı olacağına əminliyi qeyd olunmuşdur.
Baş nazirin müavini bildirmişdir ki, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz müsbət həllini tapacaq, işğal altındakı bütün torpaqlar düşmən tapdağından azad olunacaqdır.
Mərasimdə Laçın rayonundan məcburi köçkün, şəhid övladı, bir yaşında olarkən ailəsi ilə birlikdə düşmən tərəfindən əsir götürülmüş, əsirlikdə anasını itirmiş və erməni hərbçilərinin qeyri-insani davranışı nəticəsində görmə qabiliyyətindən tamamilə məhrum olan Nurlanə Nursuz çıxış edərək erməni cəlladları tərəfindən başına gətirilən müsibətlərdən ürək ağrısı ilə söz açmışdır.
Mərasimdə laçınlı məcburi köçkünlərin Prezident İlham Əliyevə müraciəti oxunmuşdur. Müraciətdə ölkə Prezidenti İlham Əliyevin bütün məcburi köçkünlər kimi laçınlılara da göstərdiyi diqqət və qayğı yüksək qiymətləndirilmiş, dövlət başçısının rəhbərliyi altında tezliklə torpaqların erməni işğalçılarından azad ediləcəyinə, laçınlıların da ata-baba yurdlarına qayıdacaqlarına qəti əminlik bildirilmişdir.
Sonra laçınlı məcburi köçkünlərin BMT, Avropa Şurası, ATƏT və xarici ölkələrin Azərbaycandakı səfirliklərinə müraciəti qəbul edilmişdir. Müraciətdə işğalçı Ermənistanın Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməsi barədə BMT-nin Təhlükəsizlik Şurasının 19 il əvvəl qəbul etdiyi 4 qətnamə, eləcə də Qarabağ müharibəsi ilə bağlı Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatların qərar və qətnamələrin hələ də yerinə yetirilmədiyi, təcavüzkarın cəzasız qaldığı, son zamanlar İraq, Liviya ilə bağlı qəbul edilən qətnamələrin dərhal icra edilməsi mexanizminin Ermənistana da şamil edilməsi öz əksini tapmışdır.
İştirakçılar, ermənilərin xalqımızın, eləcə də laçınlıların başına gətirdikləri müsibətləri özündə təkzibolunmaz faktlarla əks etdirən “Laçınsız...” filminə böyük ürək ağrısı ilə tamaşa etmişlər.