Laçın rayonu üzrə 2016- cı ilin birinci rübündə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair geniş Şura iclası keçirilmişdir.
2016-cı il 12 aprel tarixdə 2016-cı ilin birinci rübündə Laçın rayonu üzrə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı 180 nəfərin iştirakı ilə Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilmişdir.
İclasdan əvvəl yığıncaq iştirakçıları Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında Ulu Öndər Heydər Əliyevin ucaldılmış büstünü ziyarət etmiş, büstün önünə tər güllər düzməklə, hörmət və ehtiramlarını bildirmişlər.
Cəbhə bölgəsində atəşkəsin pozulması nəticəsində şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən Aqil Nəzərli əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün də onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində düşmən tapdağı altında olan torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə əminliyini bildirmişdir.
Şura iclasında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı ətraflı məruzə dinlənilmiş, Taxtakörpü qəsəbəsində abadlıq işlərinin, laçınlı məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan tədbirlərin davam etdirildiyi diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, Taxtakörpü-Məmmədli, Taxtakörpü-Mayıs, Mayıs-Alxaslı, Mayıs-Hacılar və Qarakeçdi-Mirik-Sadınlar çınqıl örtüklü avtomobil yollarının 12 km hissəsində cari təmir və yolların saxlanması işləri aparılmış, Vağazin Canavarlı obasından Qarağac obasına 1500 m uzunluğunda torpaqdan ibarət olan yol yatağı çəkilmişdir. Taxtakörpü ərazisində 84 obada və 2 qəsəbədə məskunlaşmış əhalinin fasiləsiz və normal elektrik enerjisi ilə təminatının daha da yaxşılaşdırılması üçün 10 və 04 kv-luq elektrik verilişi xətlərinə mütəmadi texniki xidmət göstərilmiş, 3000 m uzunluğunda yararsız naqil yenisi ilə əvəz edilmişdir. Vağazin, Şeylanlı və Mişni obalarında müvafiq olaraq 100, 160 və 250 kvt-lıq yeni transformator quraşdırılmış və digər obalarda müxtəlif gücə malik 3 transformator əsasl təmir edilmiş və 30 transformatora texniki qulluq göstərilmişdir.
Əhalinin problemlərinin yerində öyrənilməsi və həlli yollarının araşdırılması məqsədi ilə 2016-cı ilin birinci rübü ərzində vətəndaşların qəbulu və onların müraciətlərinin baxılması Yerli icra hakimiyyətləri haqqında əsasnaməyə uyğun təşkil edilmiş, hesabat dövründə əhalimizin daha sıx məskunlaşdıqları şəhər və rayonlarda 31 səyyar qəbul keçirilmiş, 2442 nəfərin iştirak etdiyi bu qəbullarda 233 nəfərin müraciəti dinlənilmişdir, Rayon İcra Hakimiyyəti başçısı aparatında isə 955 nəfər rayon sakininin müraciətləri dinlənilmiş, onların mənzil məişət şəraitləri ilə yaxından tanış olunmuş, yerlərdə mümkün olan problemlərin həll olunması üçün aidiyyəti rayon təşkilatlarına göstərişlər verilmişdir.
Məruzə və məruzə ətrafında edilən çıxışlarda görülmüş işlərdən və 2016-cı ildə qarşıda duran vəzifələrdən danışılmışdır. Bildirilmişdir ki, "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na əlavələrə əsasən qamış və daxal evlərdə məskunlaşmış ailələr üçün 1500 evin tikilməsi, ərazidə geniş abadlıq və quruculuq işlərinin aparılması, Qayğı qəsəbəsindən 552 ailəlik qəsəbə istiqamətində yolun hər iki tərəfində genişləndirilməsi, obalarda olan mərkəzi yolların, körpülərin təmiri qarşıda duran vəzifələrdəndir. Gündəlik məsələ ətrafında Rayon Təhsil şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Adil Alıyev, Rayon Məşğulluq Mərkəzinin direktoru Balay Bəndəliyev, Rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Arif Feyzullayev, rayon Maliyyə Şöbəsinin rəisi Ramiz İsayev çıxış etmiş, ayrı-ayrı sahələr üzrə mövcud vəziyyətlə bağlı qarşılıqlı fikir mübadilələri aparılmışdır. İclasın sonunda qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün müvafiq qərar qəbul edilmişdir.