Laçın rayonundan olan şəhid torpağa tapşırıldı.
Aprelin 6-da cəbhədə erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan Laçın rayonunun Qarakeçdi kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Ülvin Cəmaləddin oğlu bu gün dəfn olunub. Şəhid ailə üzvlərinin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Qarakeçdi obasında torpağa tapşırılıb. Onun dəfnində Laçın Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən Aqil Nəzərlinin iştirakı ilə rayonun idarə, müəssisə və təşkilatları, kənd İcra nümayəndəlikləri, ziyalılar, ağsaqqallar, gənclər, məktəblilər və hərbiçilərdən ibarət 6000 nəfərdən çox rayon sakini, şəhidin qohumları, dostları iştirak ediblər.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini icra edən Aqil Nəzərli çıxış edərək bildirmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş və məntiqli siyasət nəticəsində torpaqlarımızı işğaldan azad edəcəyik, qaçqın və məcburi köçkünlər öz doğma yurd–yuvalarına qayıdacaq və cəzasız qalmış cinayətkarlar layiqli cavablarını alacaqdır. Sonda rayon rəhbəri erməni qatillərinin qurbanı olan bütün şəhidlərə Tanrıdan rəhmət diləmişdir.
İzdihamlı tədbirdə iştirak edən Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin katibi Abdulla Qurbani, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Millət vəkili Mahir Abbaszadə və Aqil Abbas çıxış edərək şəhidin yaxınlarına səbr diləmiş, Silahlı Qüvvələrimiz tərəfindən işğalda olan bütün torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyini bildirmişlər. Daha sonra şəhidin atası Camaləddin Məmmədov çıxış edərək övladı şəhid olduğundan qürur duyduğunu bildirmişdir.
Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salınıb.
Yekunda Laçın Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini icra edən Aqil Nəzərli , hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə müəssisə rəhbərləri, kənd icra nümayəndələri, ziyalılar və rayon ictimayyəti nümayəndələri şəhidin qəbri üzərinə tər çiçək dəstələri düzdülər.