Laçınlılar Milli Ordumuzun 2 aprel Qələbəsini böyük ruh yüksəkliyi ilə qeyd edərək Ali Baş Komandanın müharibə əmrinə hazır olduqlarını bəyan etdilər.
Cəbhə bölgəsində atəşkəsin pozulması nəticəsində düşmən qüvvələrə Milli Ordumuzun bölmələri tərəfindən layiqli cavab verilməsi və ordumuza ümumxalq dəstəyinin nümayişi ilə əlaqədar 4 aprel 2016-cı il tarixdə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində yerləşən Laçın Rayon Mədəniyyət Mərkəzində 400 nəfərdən çox Laçın rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə tədbir keçirilmişdir.
Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən, Yeni Azərbaycan Partiyası Laçın Rayon təşkilatının sədri Aqil Nəzərli çıxış edərək bildirmişdir ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün də onun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən daxili və xarici siyasətin nəticəsi olaraq ölkəmiz dünya arenasında ən nüfuzlu ölkələr sırasındadır. Ermənistan tərəfi ilə beynəlxalq səviyyədə aparılan sülhməramlı danışıqlara baxmayaraq, BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarını qeyd-şərtsiz boşaldılması ilə bağlı qəbul etdiyi 4 qətnaməsinə, digər beynəlxalq hüquq normalarına hələ də məhəl qoymadan öz təxribatçı əməllərini davam etdirir.
Natiq vurğulamışdır ki, uğurlarımıza sevinməyən mənfur qonşularımızın işğalçı ordu birləşmələri aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq bütün cəbhə boyu mövqelərimizi və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, artilleriya qurğularından intensiv atəşə məruz qoymuşdur. Düşmənin təxribatının qarşısının alınması, mülkü əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Fizuli istiqamətlərində düşmənə layiqli cavab verilmişdir. Ordumuz tərəfindən qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni hərbi birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirildiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılmış, Naftalan şəhərinə, Goranboy və Tərtər rayonlarına daima təhlükə yaradan Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan yaşayış məntəqəsi, Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini əldə saxlamaq imkanı verən Lələtəpə yüksəkliyi düşmən qüvvələrindən azad edilmişdir. Döyüşlərdə ermənilərə məxsus 10-dan çox tank, 15-dən çox artilleriya qurğusu və mühəndis qurğuları, düşmənin yüzdən çox hərbi qulluqçusu məhv edilmişdir.
Qeyd olunmuşdur ki, 3 aprel 2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclası keçirilmiş, son hadisələr bir daha müzakirə olunmuş, Müdafiə Nazirinin hesabatı dinlənilmiş, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən konkret göstərişlər verilmişdir.
Cəbhəyanı kəndlərdə yaşayan əhalinin orduya olan inamı və etibarının nəticəsidir ki, əhali yaşayış yerini tərk etmir, döyüşə qatılmaq üçün müraciət edənlərin sayı günbəgün artır, bütün bölgələrdə orduya ümumxalq dəstəyi nümayiş olunur. Ordumuzun uğurlu əməliyyatları, xalq və ordu birliyi deməyə əsas verir ki, torpaqlarımız qısa zamanda işğaldan azad olunacaqdır.
Birinci Qarabağ savaşı zamanı torpaqlarımızın müdafiəsi uğrunda 300-dən çox şəhid verən, dövlətimizə, onun rəhbərinə sədaqətlə xidmət edən laçınlılar dövlət başçımız cənab İlham Əliyevin apardığı daxili və xarici siyasəti daim dəstəklədiklərini, Ali Baş komandanın ətrafında sıx birləşərək onun döyüş əmrini gözlədiklərini yekdilliklə bildirmiş, tarixi Qələbəmizin yaxın vaxtlarda bərqərar olacağına qəti əminliklərini ifadə etmişlər.