Laçın rayonu ictimaiyyəti nümayəndələri “Şəhidlər xiyabanın”da olmuşlar
2012-ci il mayın 17-də Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən rayonun işğalının 20-ci ildönümü ilə əlaqədar laçınlı məcburi köçkünlər Bakı şəhərində “Şəhidlər xiyabanı”nı ziyarət etmişdilər.
Laçın rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon ictimaiyyəti nümayəndələri, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri və veteranları iştirak etmişlər.
İştirakçılar tərəfindən Qarabağ müharibəsində, eləcədə dövlət müstəqilliyimizin müdafiə edilməsində şəhid olmuş bütün soydaşlarımızın əziz xatirəsi ehtiramla yad edilmiş, məzarları üstünə tər güllər düzülmüş, onların ruhuna dualar oxunmuşdur. Məlumat üçün bildiririk ki, Laçın rayonunun işğalı zamanı rayonun bir şəhər, bir qəsəbə, 125 kənd, 1835 kvadrat kilometrlik ərazi, o cümlədən 72 min hektarlıq yaylaq sahəsi, 34 min hektar zəngin meşə zolağı, müxtəlif yeraltı və yerüstü sərəvətlər ermənilər tərəfindən talan edilərək dağıdılmış, rayon ərazisindəki 54 dünya və 200 dən çox yerli əhəmiyyətli qədim tarix, mədəniyyət və dini abidələri erməni vandalizminə məruz qalmış, 13.745 yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 108 təhsil, 142 səhiyyə, 462 ticarət, 96 məişət , avtonəqliyyat və 30 rabitə müəssisələri qarət edilərək yandırılmış, 300 nəfərdən çox sakinimiz şəhid olmuş, 65 nəfər itgin düşmüş, yüzlərlə uşaq bir valideynini, 31 nəfər isə hər iki valideynlərini itirərək yetim qalmışdır.
Hazırda rayonun 71 min nəfərdən çox əhalisi respublikanın 59 rayonunda 800-dən artıq yaşayış məntəqəsində müvəqqəti məskunlaşmışdır. Laçın rayon İcra Hakimiyyəti və rayonun idarə müəssisələri Ağcabədi rayonu ərazisindəki Taxta körpü qəsəbəsində fəaliyyət göstərilər.