“Ölkəmizi tanıyaq” maarifləndirici tur aksiyasında rayon məktəblilərindən ibarət komandanın iştirakı təmin olunmuşdur.
Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” adı altında maarifləndirici tur-aksiya çərçivəsində 16-19 mart 2016-cı il tarixdə rayon məktəblilərindən ibarət komanda Lənkəran şəhəri, Lerik və Astara rayonlarında olmuşlar. Tur-aksiyanın ilk günü Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində qarşılanma, “Qafqaz Sahil” mehmanxanasında şam yeməyi və əyləncəli proqramla başa çatdırılmışdır.
Növbəti gün Hirkan Milli Parkına və Xanbulan gölünə ekskursiya, çay plantasiyaları və sitrus meyvə bağları ilə tanışlıq, Lənkəran şəhərində Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, Gənclər Mərkəzi, “Qoşa Qala” qapıları, Həzi Aslanovun ev muzeyi, Dairəvi qala, Mayak binası ilə tanışlıqla başa çatdırılmışdır.
Maarifləndirici tur-aksiya üzrə 3-cü gün Lerik rayonuna yola düşən məktəblilər Heydər Əliyev Mərkəzi, Tarix Diyarşünaslıq Muzeyi və Lerik “Uzunömürlülər” muzeylərində olduqdan sonra, “Relax” istirahət mərkəzində nahar etdikdən sonra, Astara rayonuna yola düşmüşlər. Astara şəhərində Heydər Əliyev Mərkəzində və Gənclər Mərkəzində olduqdan sonra, Bulvara və “Yanar Bulağ”a ekskursiya etmiş, Astara çay fabriki ilə tanış olmuşlar. Gün ərzindəki proqram “Qafqaz Sahil” mehmanxanasında şam yeməyi və əyləncəli proqramla başa çatdırılmışdır. Səhər mehmanxanadan yola düşən məktəblilərin tur-aksiya proqramı Salyan rayonunda yerləşən “Muğan” restoranında nahar etməklə başa çatmışdır.
Maarifləndirici tur-aksiya üzrə 24-27 mart 2016-cı il tarixdə isə rayon məktəblilərindən ibarət digər bir komanda Quba, Qusar və Xaçmaz rayonlarında olmuşlar. Şabran rayonunda “Qədim Şabran” şəhərinin qalıqları ilə tanışlıq, elə həmin gün rayonu təmsil edən 8 nəfər məktəblinin və 1 nəfər qrup rəhbərinin iştirakı ilə Quba şəhərində Heydər Əliyev Mərkəzi və Gənclər Mərkəzi ilə tanışlıqla başa çatdırılmışdır.
Növbəti gün Qusar rayonunda “Şahdağ Qış-Yay Turizm Kompleksi”nə ekskursiya ilə başlayan tədbir, Qusar rayonunun Həzrə kəndində “Şeyx Cüneyd” türbəsi, Qusar şəhərində Heydər Əliyev Mərkəzi, Tarix Diyarşünaslıq Muzeyi, Olimpiya İdman Kompleksi, Rəsm Qaleriyası ilə tanışlıqla başa çatdırılmışdır.
Maarifləndirici tur-aksiya üzrə 3-cü gün Quba şəhərinin görməli yerləri – Quba Cümə Məscidi, Qırmızı Qəsəbə, Quba soyqırımı memorial Kompleksi, Quba Xalçaçılıq emalatxanası, Tağlı körpü ilə tanışlıq, Qubanın təbiəti – Xınalıq yolundakı şəlalə, “Rixos” Quba Mehmanxana kompleksi, Qolf meydançasının gəzintisi ilə başa çatdırılmışdır. Quba Rayon İcra Hakimiyyətinin təşkil etdiyi intelektual yarışmada rayonumuzu təmsil edən komanda ikinci yeri tutmuş və hədiyyə ilə mükafatlandırılmışlar.
Maarifləndirici tur-aksiya üzrə 4-cü günü Xaçmaz rayonunun görməli yerləri – Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, Dövlət Rəsm Qaleriyası, “Şəxsiyyətlər Muzeyi”, Çənlibel Parkının gəzintiləri ilə başa çatdırılmışdır.
“Ölkəmizi tanıyaq” adı altında maarifləndirici tur-aksiya rayonumuzu hər iki komandada təmsil edən məktəblilər tərəfindən sevinclə qarşılanmışdır.