Laçın rayonundan olan bir qrup şəhid ailələri ilə görüş keçirilmişdir.
17 mart 2016-cı il tarixdə Ağcabədi rayonunun Taxta-körpü qəsəbəsində fəaliyyət göstərən Laçın Rayon İcra Hakimiyyətində şəhid ailələrinin sosial müdafiəsi sahəsində görülən işlərin vəziyyəti və onların problemlərinin həlli istiqamətində qarşıda duran məsələlərə həsr olunmuş yığıncaq keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Taxtakörpü qəsəbəsində “Şəhidlər” Xatirə Kompleksini ziyarət edərək önünə gül dəstələri düzmüş, xatirələrini ehtiramla yad etmişlər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini müvəqqəti icra edən Aqil Nəzərli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, onların sosial problemlərinin həlli istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışmışdır.
Eyni zamanda bildirilmişdir ki, Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində rayon əhalisindən 267 nəfəri şəhid olmuş, 66 nəfər itkin düşmüş, 120 nəfər sağlamlığını itirərək əlilə çevrilmişdir. Rayonun 75 min sakini hazırda respublikanın 57 rayon və şəhərində müvəqqəti məskunlaşmışdır.
Çıxış edən şəhid ailələrinin nümayəndələri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər. Görüşdə şəhid ailələri üzvlərinin arzu və təklifləri dinlənilmişdir. Qaldırılmış məsələlərin həlli ilə bağlı rayonun aidiyyəti qurumlarının rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Tədbirin yekununda şəhid ailələrinin nümayəndələrinə bayram münasibətilə ərzaq bağlaması paylanmışdır.