Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin iyirminci ildönümü ilə bağlı keçirilmiş ümumrayon tədbiri
15 may 2012-ci il tarixdə Laçın Rayon İcra strukturlarının və idarə müəssissələrinin müvəqqəti fəaliyyət göstərdiyi Ağcabədi rayonu Taxta-körpü qəsəbəsində Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü bağlı geniş ümumrayon tədbiri keçirilmişdir. Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı büstü və qəsəbədəki rayon şəhidlərinin xatirəsinə ucaldılmış Xatirə Kompleksi rayon ictimaiyyəti, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, veteranları və məktəblilər tərəfindən ziyarət olunaraq önünə gül dəstələri qoyulmuş, onların ruhuna dualar oxunmuşdur. Sonra tədbir Rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirilmişdir. Tədbiri Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov giriş sözü ilə açdıqdan sonra rayonun müdafiəsi zamanı şəhid olmuş rayon sakinləri, eləcədə Qarabağ müharibəsində həlak olmuş bütün soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov ölkəmizin ərazi bütövlüyünün qorunmasında mühüm strateji əhəmiyyətə malik olan Laçın rayonunun 20 il əvvəl erməni silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı ətraflı məlumat vermiş, işğal nəticəsində rayonun bir şəhəri, bir qəsəbəsi, 125 kəndinin erməni quldurları tərəfindən talan edilərək yandırıldığı, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi, mədəniyyət və dini abidələrin erməni vandalizminə məruz qaldığı, həmçinin 13745 yaşayış evinin , 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və digər müəssisələrin talan edildiyi, əhalinin şəxsi təsərrüfatında olan 25 min baş iri, 200 min başdan çox xırdabuynuzlu heyvanlar və minlərlə arı ailəsinin qarət edildiyi bildirilmiş, ümumiyyətlə rayona 7 milyard ABŞ dollarından çox ziyan vurulduğu bildirilmişdir.
O, da xüsusilə qeyd olunmuşdur ki, dörd il müddətində ata-baba yurdlarını müdafiə edən laçınlılardan 300 nəfərdən çoxu şəhid olmuş, 5 nəfəri isə Milli Qəhrəman adına layiq görülmüşdür.
Tədbirdə rayonun işğalı ilə bağlı iştirakçılara “Laçın” qəzetinin xüsusi buraxılışı paylanılmış, Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 20-ci ildönümünə həsr olunmuş “Laçınsız....” filminə tamaşa olunmuşdur. Filmin nümayişindən sonra tədbirdə iştirak edən rayon ziyalılarından Əmirxan Zeynalov, müharibə iştirakçısı Müseyib Müseyibov, erməni girovluğunda olmuş rayon sakini Taleh İbişov çıxış edərək, erməni işğalının rayonumuza vurduğu ağır zərbələrdən danışmış, erməni faşizminin xalqımıza qarşı törətdiklərinin insanlığa sığmayan vəhşilik olduğunu qeyd etmiş, buna kəskin nifrətlərini bildirmişdilər. Onlar eyni zamanda bu müharibə nəticəsində nə qədər məhrumiyyətlərə məruz qalsalar da ata-baba yurdlarını-Laçını bir an belə unutmadıqlarını, Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti, Ali Baş komandan cənab İlham Əliyevin apardığı müdrik və uzaqgörən siyasət nəticəsində nikbin olduqlarını, tezliklə yağı düşmən tapdağı altında olan torpaqlarımızın azad ediləcəyinə qəti əminliklərini bildirmişlər. Tədbirdə Laçının işğalının 20-ci ildönümü ilə əlaqədar mərasim iştirakçılarının adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və respublikada fəaliyyət göstərən beynəlxalq təşkilatların rəhbərlərinə, xarici ölkə səfirlərinə müraciət qəbul olunmuşdur.