Laçın rayonu üzrə 2015-ci ildə görülmüş işlərlə və 2016-cı ildə qarşıda duran vəzifələrlə bağlı Laçın Rayonu İcra Hakimiyyəti başçısı Akif Səlimovun hesabat yığıncağı keçirilmişdir.
Laçınlı məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, problemlərin öyrənilməsi və vaxtında həll olunması daim diqqət mərkəzində saxlanılır. 2015-ci ildə laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda Laçın Rayon İcra Hakimiyyəti başçısı Akif Səlimov tərəfindən 93 səyyar qəbul keçirilmiş, 6129 nəfərin iştirak etdiyi bu qəbullarda 722 nəfər, Rayon İcra Hakimiyyəti başçısı aparatında isə 919 nəfər rayon sakini qəbul edilərək onların müraciəti dinlənilmişdir.
Bu barədə Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində yerləşən Laçın Rayon İcra Hakimiyyətində 2015-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş yığıncaqda məlumat verilmişdir.
Yığıncaqda görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə dinlənilmiş, laçınlı məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirildiyi diqqətə çatdırılmışdır.
Bildirilmişdir ki, 2015-ci ildə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Fingə obasında 4,4 kilometr, Şeylanlı obasında 5,6 kilometr, Sadınlar-2 obasında 4,1 kilometr və Qarakeçdi (İnçalan) obasında 8,1 kilometr, Qarakeçdi-Şəlvə obasında 9,5 kilometr uzunluğunda çınqıl örtüklü avtomobil yolu çəkilmiş, Ağsu rayonunu Gürcüvan kəndinə gedən 12 kilometr avtomobil yolu əsaslı təmir edilmişdir. Abşeron rayonunun Masazır qəsəbəsində Quşçuluq massivində tikintisi yarımçıq qalmış binanın dam örtüyü, Binəqədi rayonunda Bakı Slavyan Universitetinin 4 nömrəli yataqxanası, İqtisad Universitetinin yataqxanası, Qaradağ rayonunun Sahil qəsəbəsində 1, 12 və 16 saylı yataqxanalar, Xətai rayonunda “Dənizçilik məktəbinin yataqxanası, Kamallı kənd tam orta məktəbi əsaslı təmir işləri aparılıb, Qaradağ rayonunun “Qurd qapısı” ərazisində İmanlar kənd ümumi orta məktəbi üçün modul tipli sinif otaqları quraşdırılmışdır. Muğanlı kənd ümumi orta məktəbinin və Hacıxanlı tam orta məktəbinin binalarında təmir-bərpa işləri başa çatdırılmış, 552 ailəlik qəsəbədə qrunt sularının kənara axıdılması üçün drenaj şəbəkəsinin tikilməsi üçün layihələndirmə işləri aparılmışdır.
Hesabat ilində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin layihəsi əsasında əhalini içməli su ilə təmin etmək məqsədilə Mişni və Qarıqışlaq obalarında yeni modul tipli su təmizləyici qurğu tikilərək istifadəyə verilmişdir. Obalarda içməli su şəbəkəsində yararsız hala düşmüş su xətlərinin 4370 metr hissəsi yenisi ilə əvəz olunmuş, Mişni obasında su nasosu əsaslı təmir edilmişdir. Yay aylarında 552 ailəlik qəsəbədə əhalinin fasiləsiz olaraq içməli su ilə təmin etmək məqsədi ilə Yuxarı Qarabağ kanalından Taxtakörpü qəsəbəsinə gələn su xəttinin mənbəyində əlavə tədbirlər görülərək suyun səviyyəsi qaldırılmışdır.
Məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı 84 oba və 2 qəsəbədə əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün 10 və 0,4 kv-luq elektrik hava xətlərində yararsız hala düşmüş 10 min 300 metr naqil yenisi ilə əvəz edilmiş, Qarakeçdi, Malıbəy, Mişni, Vağazin, Quşçu, Sonasar, Alxası, Qarıqışlaq, Şeylanlı, Ağbulaq obalarında və Qayğı qəsəbəsində transformatorlar əsaslı, digər obalarda müxtəlif gücə malik 60 ədəd transformator cari təmir olunmuşdur.
Taxtakörpü qəsəbəsində yollara 2277 kvadratmetr asfalt, 5520 kvadratmetr çınqıl örtük verilmiş, Vağazin obasında 640 metr uzunluğunda avtomobil yolu, həmçinin Rayon Mərkəzi Xəstəxanasının, Rayon Təhsil şöbəsinin binaları, Ağbulaq, Ərdəşəvi, Mişni, Qarakeçdi, Vağazin və 11 nömrəli tam orta məktəbləri əsaslı təmir edilmişdir.
Əhalinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün Vağazin-1 nasos stansiyası əsaslı təmir olunmuş, 160 kilometr suvarma kanalı lildən təmizlənib, Cağazur-Malıbəy obalarında 8 kilometr uzunluğunda yeni suvarma kanalı çəkilərək istifadəyə verilmişdir. “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində keçirilən iməciliklərdə əraziyə 5 mindən çox ağac əkilmişdir.
Məruzə və çıxışlarda görülən işlərlə yanaşı mövcud problem və çatışmamazlıqlar da qeyd olunmuş, onların həlli yolları müzakirə edilərək qarşıda duran vəzifələrdən danışılmışdır. Bildirilmişdir ki, 2016-cı ildə Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki obalarda müvəqqəti məskunlaşmış ailələr üçün yaşayış evlərinin inşası, 552 ailəlik qəsəbədə daxili yolların təmiri, Qayğı qəsəbəsində fərdi evlərə qaz xəttinin çəkilməsi, obalararası avtomobil yollarının əsaslı təmiri, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və əhalinin məşğulluğunun artırılması qarşıda duran vəzifələrdəndir.
Yığıncaqda rayonun ictimai həyatında fərqlənən 3 nəfər Rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif edilmiş, 3 nəfər gəncə Yeni Azərbaycan Partiyasına üzvlük vəsiqələri təqdim olunmuşdur.
Yığıncaqda qarşıda duran vəzifələrin həyata keçirilməsinin təmin olunması üçün müvafiq qərar qəbul edilmiş, yığıncaq iştirakçıları adından Ölkə başçısı cənab İlham Əliyevə müraciət ünvanlanmışdır.
Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Ağəli Əhmədov və Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Mahir Abbaszadə iştirak etmişlər.