Laçınlı məcburi köçkünlərlə daha üç yerdə görüşlər keçirildi.
30 yanvar 2016-cı il tarixdə günün ikinci yarısında Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov Ağcabədi rayonunun Taxtakörpü ərazisində əhalinin daha sıx müvəqqəti məskunlaşdıqları Vağazin, Şeylanlı-1 və Şeylanlı-2 obalarında məcburi köçkünlərlə görüşlər keçirmişdir. Həmin görüşlərdə Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov Ölkə Prezidenti cənab İlham Əliyevin 2016-cı ilin yanvar ayında əhalinin sosial rifah halının yaxşılaşdırılması sahəsində həyata keçirdiyi tədbirlər, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər barədə geniş məlumat verilmişdir. Taxtakörpü ərazisində müvəqqəti məskunlaşmış əhalinin məşğulluğunun artırılması üçün obalarda yerinə yetirilməsi zəruri olan işlərin müəyyənləşdirilməsi və qeyri-məşğul əhalinin haqqı ödənilən ictimai işlərə cəlb olunması üçün tədbirlər planının hazırlandığı bildirilmişdir. Odalarda olan mövcud problemlər dinlənilmiş, bəzi problemlər yerində araşdırılaraq tədbir görülməsi üçün aidiyyəti rayon təşkilatlarına müvafiq tapşırıqlar verilmişdir. Görüşdə iştirak edən məcburi köçkünlər öz çıxışlarında ölkə Prezidenti cənab İlham Əliyevə onlara göstərilən davamlı diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmiş, rayon rəhbərliyinin yerlərdə əhali ilə tez-tez keçirdiyi görüşləri yüksək qiymətləndirmişlər.