“Müsəlman dünyasında qaçqınlar” adlı beynəlxalq konfransda Aşqabad bəyannaməsi və qaçqınlara dair Fəaliyyət Planı qəbul olunmuşdur
Mayın 11-12-də Aşqabadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) “Müsəlman dünyasında qaçqınlar” mövzusunda nazirlər səviyyəsində beynəlxalq konfransı keçirilmişdir.
Türkmənistan rəhbərliyinin, İƏT-in üzvü olan ölkələrin Xarici İşlər Nazirlərinin Şurasının və BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarı İdarəsinin dəstəyi ilə “Sərgi köşkü” sərgi mərkəzində keçirilmiş konfransda İƏT-in üzvü olan 57 dövlətin, 40 beynəlxalq və hökumətlərarası komissiyanın nümayəndələri, 21 xarici müşahidəçi, 500-dək nümayəndə heyəti, o cümlədən Azərbaycan, Rusiya, Çin, ABŞ, Avropa İttifaqı ölkələrinin təmsilçiləri iştirak etmişlər. Azərbaycan konfransda Dövlət Miqrasiya xidmətinin rəis müavini Pərviz Musayevin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov konfransı açaraq Orta Asiya dövlətləri arasında ölkəsinin birinci olaraq BMT Konvensiyasına (vətəndaşlıq statusu olmayanlar) qoşulduğunu qeyd etmişdir.
Konfransda BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş və İƏT-in baş katibi Ekmələddin İhsanoğlu da çıxış etmişlər.
Beynəlxalq konfransda müsəlman dünyasında qaçqınların problemi, onların doğma yurd-yuvalarına qayıtmasına şəraitin yaradılması məsələsi müzakirə olunmuşdur. Bundan əlavə, konfransda insan hüquqlarının qorunması, həyat şəraitinin yaxşılaşdırılması məsələlərinə dair fikir mübadiləsi aparılmışdır.
Konfransda Aşqabad bəyannaməsi və müsəlman dünyasında qaçqınlara dair Fəaliyyət Planı qəbul edilmişdir.
Aşqabad bəyannaməsinin 9-cu bəndində Azərbaycan Respublikasına qarşı Ermənistanın hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ regionu və ətrafındakı işğal olunmuş ərazilərdən bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün vəziyyətindən bəhs olunmuşdur. Bu bənd üzrə Türkiyə və Mərakeş Azərbaycan tərəfini dəstəkləmişlər.
Qəbul olunmuş sənəddə vurğulanmışdır ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ətrafındakı işğal olunmuş ərazilərdən qovulmuş əhalinin təhlükəsiz doğma yurd-yuvalarına qayıtması üçün hökumət tərəfindən göstərilən təşəbbüsü İƏT və BMT Baş Məclisi dəstəkləyir. Bu məqsədlə İƏT, BMT Baş Məclisi və Təhlükəsizlik Şurası müvafiq qətnamələrinin tam şəkildə icrasını qətiyyətlə tələb edir.