Laçın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 2015-ci ildə görülən işlərə və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir.
25.01.2016-cı il tarixdə Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsindəki mərasim evində Laçın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik üzrə 2015-ci ildə görülən işlərə və qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda Rayon icra hakimiyyətinin başçısı Akif Səlimov, Milli Məclisin deputatı Mahir Abbaszadə, rayonun idarə , müəssisə və təşkilat rəhbərləri, Laçın şəhər sakinləri, ağsaqqallar və ziyalılar iştirak etmişlər.
İclasda Laçın şəhəri üzrə nümayəndə Oqtay Məmmədov 2015-ci ildə nümayəndəlikdə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı hesabat məruzəsi ilə çıxış etmişdir. Məruzədə bildirilmişdir ki, 1 yanvar 2016-cı il tarixə nümayəndəlikdə 3587 ailə olmaqla 12347 nəfər sakini qeydiyyatındadır. Hazırda nümayəndəlik üzrə 40 şəhid ailəsi, 42 Qarabağ müharibəsi əlili var. Nümayəndəliyin əhalisinin böyük əksəriyyəti Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində olmaqla respublikanın 41 rayonunda 100-dən çox yaşayış məntəqəsində müvəqqəti məskunlaşmışdır. Həmçinin, o, minnətdarlıq hissi ilə bildirmişdir ki, Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində bu günə kimi nümayəndəlik üzrə 200-dən çox məcburi köçkün ailəsi yeni salınmış qəsəbələrdə mənzillərlə təmin edilmiş, şəhər sakinlərindən 10411 nəfərə hər ay yemək xərci müavinəti ödənilir, 12200 nəfərdən çox Laçın şəhər sakini isə kommunal xərclərdən azad olunaraq bu xərclər dövlətimiz tərəfindən ödənilir.
Məruzədə bildirilmişdir ki, hesabat ilində Rayon İcra Hakimiyyətinin yaxından köməkliyi və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun maliyyə dəstəyi ilə şəhər sakinlərinin də müvəqqəti məskunlaşdıqları Binəqədi rayonunda Bakı Slavyan Universitetinin 4 nömrəli yataqxanası, Abşeron rayonunun Masazır qəsəbəsində Quşçuluq massivində tikintisi yarımçıq qalmış binanın dam örtüyü, Azərbaycan Dövlət İqtisad Universitetinin yataqxanası, Qaradağ rayonunun Sahil qəsəbəsində 1, 12 və 16 nömrəli yataqxanalar, habelə Xətai rayonunda “Dənizçilik” məktəbinin yataqxanası təmir edilmişdir. Bununla yanaşı il ərzində nümayəndəliyin nəzdində fəaliyyət göstərən 5 ümumtəhsil məktəbinin təmirinə, həmçinin həmin təhsil müəssisələrinin lazımi inventar və avadanlıqlarla təmin edilməsinə nail olunmuşdur.
Eyni zamanda nümayəndəliyin nəzdində fəaliyyət göstərən uşaq bağçasında daxili imkanlar hesabına təmir işləri aparılmış, 2015-ci ildə bağçaya bərk və yumşaq inventarın alınması üçün maliyyə vəsaitinin ayrılmasına Rayon İcra Hakimiyyəti tərəfindən köməkdarlıq olunmuş, bağçanın soyutma və istilik sistemi ilə təchizatı yaxşılaşdırılaraq, su və kanalizasiya xətlərinin çəkilişi başa çatdırılmışdır.
Tədbirdə çıxış edənlər hazırda ölkəmizdə və rayonda aparılan sosial-iqtisadi inkişafın vüsətindən, xalqın həyat səviyyəsinin yüksəldilməsi istiqamətində möhtərəm Prezidentimiz cənab lham Əliyev tərəfindən həyata keçirilən tədbirlərdən razı qaldıqlarını bildirmişlər. Yığıncaqda Laçın şəhər sakinlərinin məskunlaşdıqları ərazilərdə mövcud olan problemlərin həlli istiqamətində təkliflər irəli sürülmüşdür.
İclasda Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov çıxış edərək 2015-ci ildə, eləcədə son illərdə ölkədə Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsi nəticəsində sosial-iqtisadi sahədə əldə edilən nailiyyətlərdən, bu nailiyyətlərin laçınlı məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdəki nəticələrindən, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində görüləcək işlərdən danışmışdır.
Yığıncaq iştirakçıları tədbirdən yüksək əhval-ruhiyyə ilə ayrılmışlar.