Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu Xəzər rayonunun Qala qəsəbəsində keçirilmişdir.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu 24 yanvar 2016-cı il tarixdə Laçın rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Bakı şəhəri Xəzər rayonunun Qala qəsəbəsində keçirilmişdir.
Görüşdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, müvafiq kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr də iştirak etmişlər.
Görüşdə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov ölkəmizdə və rayonumuzda görülən işlərdən, hərbi vətənpərvərlik sahəsində aparılan məqsədyönlü tədbirlərdən söz açaraq, Azərbaycan Respublikasının Möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə görülən çoxşaxəli işlər barədə geniş məlumat vermişdir.
Laçınlı məcburi köçkünlər mütəmadi olaraq onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq ifadə edərək belə görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsinə və operativ şəkildə həllinə imkan verdiyini vurğulamışlar. Səyyar qəbulda rayon sakinlərinin müraciətləri ətraflı dinlənilmiş, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmiş, icrası nəzarətə götürülmüşdür.
Görüş-səyyar qəbulda sakinlər ərazidə fəaliyyət göstərən Laçın rayonunun Malıbəy kənd tam orta məktəbi üçün bina tikintisinin torpaqayırma sənədlərinin tam hazır olduğunu, lakin həmin binanın təməlinin qoyulmasına baxmayaraq maliyyə vəsaiti çatışmazlığı səbəbindən tikinti işlərinin ləngidiyini bildirmişlər. Qarşılıqlı fikir mübadilələri zamanı belə nəticəyə gəlinmişdir ki, Laçın Rayon İcra Hakimiyyətinin, rayonun iş adamlarının və əhalinin könüllü cəlb etdikləri maliyyə vəsaitləri hesabına həmin məktəb binasının inşası həyata keçirilsin. Bundan sonra Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov sakinlərin bir qrupu ilə birlikdə məktəb binasının tikiləcəyi ərazidə olmuş, 12 sinif otağından ibarət olacaq məktəb binası haqqında ona ətraflı məlumat verilmişdir. Rayon rəhbəri həmin məktəb binasının istifadəyə verilməsi üçün lazım olan bütün köməkliklərin göstəriləcəyini bildirmiş, bununla bağlı yerdə aidiyyəti məsul şəxslərə öz tapşırıqlarını vermişdir.
Keçirilmiş görüş-səyyar qəbul laçınlı məcburi köçkünlər tərəfindən razılıq hissi ilə qarşılanmışdır.