Növbəti görüş-səyyar qəbul Tərtər rayonu Düyərli kəndi ərazisində keçirilmişdir.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun məcburi köçkünlərlə növbəti görüş-səyyar qəbulu 15 yanvar 2016-cı il tarixdə Laçın rayonunundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Tərtər rayonu Düyərli kəndi ərazisində keçirilmişdir.
Görüşdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Görüşdə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov respublika və rayonda görülən işlərdən, hərbi vətənpərvərlik sahəsində aparılan məqsədyönlü tədbirlərdən söz açaraq, Azərbaycan Respublikasının Möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülən çoxşaxəli işlər barədə geniş məlumat vermişdir.
Laçınlı məcburi köçkünlər mütəmadi olaraq onlara göstərilən diqqət və qayğıya görə Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimova minnətdar olduqlarını ifadə edərək belə görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsinə və operativ şəkildə həllinə imkan verdiyini vurğulamışlar.
Səyyar qəbulda Hoçaz , Sonasar, Qarabəyli, Oğuldərə, Ərikli və Hacıxanlı kəndlərindən olan 75 nəfər iştirak etmiş onlardan 8 nəfər sakinin müraciəti ətraflı dinlənilmiş, qaldırılan müraciətlərə baxılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmiş, icrası nəzarətə götürülmüşdür.
Sakinlərlə görüşdən sonra Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov həmin ərazidə fəaliyyət göstərən rayonun Çaylı kənd ümumi orta məktəbin pedaqoji kollektivi ilə görüşmüş, məktəbdəki təhsil prosesinin keyfiyyəti ilə yaxından maraqlanmış, eyni zamanda müəllim kollektivinə öz tapşırıq və tövsiyyələrini vermişdir.
Keçirilmiş görüş-səyyar qəbul laçınlı məcburi köçkünlər tərəfindən razılıq hissi ilə qarşılanmışdır.