Azərbaycanın Milli Qəhrəmanı, şəhid İsrafil Şahverdiyevin anım günü ilə bağlı tədbir keçirilmişdir.
2016-cı il 15 yanvar tarixdə Laçın rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsindəki mərkəzi meydanda Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyevin anım günü ilə bağlı rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları tərəfindən Taxtakörpü qəsəbəsində ucaldılmış Laçın Rayon Polis şöbəsi şəhidlərinin xatirə abidəsi ziyarət ediləcək, önünə gül dəstələri qoyulmuşdur.
Daha sonra Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Akif Səlimov Laçın Rayon Polis şöbəsinin rəisi işlədiyi dövrdə tabeliyində xidmət etmiş İsrafil Şahverdiyevin qəhrəmanlıq səhifələrindən söz açmış, onun torpaqlarımızın qorunmasında göstərdiyi misilsiz xidmətlərindən danışmış, tezliklə düşmən tapdağı altında olan torpaqlarımızın azad ediləcəyinə əminliyini bildirmişdir.
Tədbirdə çıxış edən İsrafil Şahverdiyevinin döyüş yoldaşlarından Laçın Rayon Polis şöbəsinin rəisi Məhəmməd Kərimov, şöbənin əməkdaşı Şahvələd Nəsirov, Laçın rayonunun Taxtakörpü qəsəbə tam orta məktəbinin direktoru Abuzər Abuzərov öz çıxışlarında onun cəsurluğundan, düşmənə qarşı amansız döyüşməsindən, torpağa bağlılığından, Vətənə sədaqətindən fəxarətlə danışmış, bütün bunların gələcək nəsillər üçün örnək olduğunu vurğulamışlar.
Qeyd olunmuşdur ki, Ölkə başçısı cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində düşmən tapdağı altında olan torpaqlarımız azad ediləcək, üç rəngli bayrağımız Şuşada, Laçında və digər işğaldan azad olunacaq torpaqlarımızda dalğalanacaq, bütün məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdacaq, Milli Qəhrəmanlarımızın doğulduqları yaşayış məntəqələrində onların xatirəsinə möhtəşəm abidələr ucaldılacaqdır.