Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayonu üzrə hərbi vətənpərvərlik sahəsində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı səyyar müşavirə keçirilmişdir.

28 dekabr 2015 | 16:00

25 dekabr 2015-ci il tarixdə günün ikinci yarısında Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun sədrliyi ilə Laçın rayonu üzrə hərbi vətənpərvərlik sahəsində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı səyyar müşavirə keçirilmişdir.
Laçın Rayon İcra Hakimiyyətinin Bakı şəhəri Nərimanov rayonundakı qərargahında keçirilən müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov çıxış edərək bildirmişdir ki, bu gün bizim qarşımızda dayanan əsas vəzifələrdən biri gənclərimizin fiziki hazırlıq tərbiyəsinə xüsusi diqqət yetirməkdən və onların hərb sənətinə yiyələnmələri istiqamətində indidən fəal iş aparmaqdan ibarətdir. Çünki, torpaqlarımızın 20%-dən çoxu, o cümlədən də bizim üzərində dünyaya göz açdığımız Laçın rayonunun ərazisi işğal altındadır. Aparılan sülh danışıqları təəssüf ki, ermənilərin günahı ucbatından nəticəsiz qalmaqdadır. Belə olan halda Azərbaycan dövləti və Azərbaycan xalqı olaraq  torpaqlarımızı hərb yolu ilə azad etməkdən başqa  çıxış yolumuz  qalmır. Bunu hər bir Azərbaycan vətəndaşı dərk etməli və buna hazır olmalıdır. Dövlətimiz bu istiqamətdə lazım olan bütün tədbirləri həyata keçirmiş və keçirməkdə də davam edir. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bir neçə il öncə dediyi kimi, hal-hazırda bir il ərzində Azərbaycan ordusuna xərclənən vəsait, Ermənistanın illik büdcəsindən xeyli dərəcədə çoxdur. Nəticədə bu gün ordumuz ən müasir silahlarla təchiz edilib və regionun ən güclü ordusuna çevrilibdir. Təqdirəlayiq haldır ki, ordumuzun təminatının böyük bir hissəsi daxili istehsal hesabına həyata keçirilir. Eyni zamanda ordumuzdakı bu günkü psixoloji durum və əhval-ruhiyyə ən yüksək səviyyədədir. Ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi, bu gün Azərbaycan ordusu istənilən əmri yerinə yetirməyə qadirdir. Belə olan halda biz mülki vətəndaşlar da hər zaman ordumuzun yanında olmalı, lazım olan və bacardığımız köməyi ona göstərməliyik.
Natiq qeyd etmişdir ki, Laçın Rayon İcra Hakimiyyəti olaraq hələ 2013-cü ildə  bizim tərəfimizdən irəli sürülən “Hər ailədən orduya bir zabit verək” təşəbbüsü istər sadə vətəndaşlarımız tərəfindən, istərsə də yuxarı dövlət qurumları tərəfindən böyük razılıqla qarşılanmış və bu gün biz həmin təşəbbüsün müsbət nəticələrini görürük. Təsadüfi deyil ki, həmin təşəbbüsün digər rayonlarda, xüsusilə də məcburi köçkün rayonları arasında yayılması yuxarı dövlət qurumları tərəfindən tövsiyə olundu. Artıq bu il on nəfərdən çox laçınlı gənc ali hərbi məktəbə və hərbi liseyə daxil olubdur.   Biz həmin işimizi bundan sonra da daha fəal şəkildə davam etdirməliyik. Bu gün böyüməkdə olan gənclik, ilk növbədə də laçınlı gənclər bilməlidir ki, bizim torpaqlarımız uzun müddətdir ki, işğal altındadır və biz müharibə yolu ilə həmin işğala son qoymaq üçün hazır olmalıyıq. Gənclərimizi düşmənə qisas ruhunda böyütmək bu gün bizim həm vəzifə, eyni zamanda da vətəndaşlıq borcumuzdur. Bu günkü toplantının da məqsədi bilavasitə bundan ibarətdir. Biz Ali Baş Komandanın əmrlərini yerinə yetirməyə hər an hazır olmalı və gənclərimizi də eyni ruhda tərbiyə etməliyik. Heç kəsə sirr deyil ki, etnik azərbaycanlılarla yanaşı bu gün Azərbaycanda yaşayan və Azərbaycan vətəndaşı olan  qeyri millətlərin sayı 30-dan çoxdur. Onların tarixi Azərbaycan ərazilərində məskunlaşmasının tarixi min illərlə ölçülür.  Onların hamısı Ulu öndərimiz Heydər Əliyev tərəfindən irəli sürülən Azərbaycançılıq ideyası ətrafında birləşərək ölkəmizin qüdrətini və gücünü formalaşdırmaqdadır. Bu gün həmin millətlərin nümayəndələri azərbaycanlılarla bir səngərdə çiyin-çiyinə duraraq torpaqlarımızı müdafiə edir, düşmən hücumlarının qarşısını öz qanları və canları bahasına alırlar. Bir məsələyə diqqət yetirək. Özlərini demokratiyanın beşiyi və müdafiəçisi kimi təqdim edən dövlətlər bu gün milli məsələlərdə və insan haqlarının qorunmasında kifayət qədər dözümsüzlük göstərirlər. Ancaq Azərbaycan bu məsələdə də öndə gedərək özünü bütün dünyaya tolerant bir dövlət kimi təqdim etməkdədir. Ölkəmizi müstəqil görmək istəməyən və inkişafını gözü götürməyən qüvvələr bu amildən də əleyhimizə istifadə etməyə çalışırlar. Xüsusilə də son dövrlər düşmənlərimizin bu sahədə fəallaşması müşahidə olunmaqdadır. Ancaq hər bir Azərbaycan vətəndaşı xüsusi sayıqlıq göstərməli, əleyhdarlarımızın öz çirkin əməllərini bu və ya digər formada  həyata keçirməsinə imkan verməməlidir. Biz Azərbaycan xalqı olaraq bütün gücümüzü torpaqlarımızın işğaldan azad edilməsinə yönəltməliyik və əminliklə bildirirəm ki, cənab Ali Baş Komandan əmr verdiyi anda bunu yerinə yetirəcəyik. Biz həmin vaxta öz gündəlik fəaliyyətimizlə hazırlaşmalı və çalışmalıyıq.
Müşavirədə çıxış edənlər Laçın rayonu üzrə hərbi vətənpərvərlik sahəsində görülən işlərdən söz aşmış, qarşıda duran vəzifələrlə bağlı üzərlərinə düşən işlərin vaxtında həyata keçirilməsi üçün bütün qüvvələrini səfərbər edəcəklərini bildirmişlər.
Sonda qarşıda duran vəzifələrin həyata keçirilməsinin təmin edilməsi məqsədilə müvafiq qərar qəbul edilmiş, bu sahədə daha geniş şəkildə lazımi tədbirlərin davam etdirilməsi qərara alınmışdır.
        Səyyar müşavirədə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, aidiyyəti rayon təşkilatlarının təmsilçiləri, Laçın rayonunun ümumtəhsil məktəblərinin çağırışaqədərki hazırlıq müəllimləri, Qarabağ müharibəsi veteranları  iştirak etmişlər.

Keçidlər