Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun növbəti görüşü-səyyar qəbulu Abşeron rayonunun Masazır qəsəbəsində keçirilmişdir.
25 dekabr 2015-ci il tarixində günün birinci yarısında Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun Abşeron rayonunun Masazır qəsəbəsində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüş-səyyar qəbulu keçirilmişdir. Həmin ərazidə əsasən Laçın rayonunun Çıraqlı, Kamallı və Bozlu kəndlərinin sakinləri müvəqqəti məskunlaşmışlar. Sözügedən ərazidə fəaliyyət göstərən Laçın rayonunun Çıraqlı kənd tam orta məktəbində keçirilən görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov respublikamızın digər rayonları ilə yanaşı laçınlı məcburi köçkünlərin sıx məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisində və digər yaşayış məntəqələrində həyata keçirilmiş abadlıq-quruculuq işlərindən danışmış, ötən illərdə olduğu kimi, 2016-cı ilin də dövlət büdcəsinin sosial yönümlü olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Qeyd edilmişdir ki, hər zaman olduğu kimi, yenə də qaçqın və məcburi köçkün problemi dövlətimizin və hökumətimizin qarşısında dayanan prioritet məsələlər sırasındadır. Diqqətə çatdırılmışdır ki, növbəti ilin büdcəsində də qaçqın və məcburi köçkünlərin məşğulluğunun artırılması və yaşayış şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə kifayət qədər vəsait nəzərdə tutulmuşdur. Məcburi köçkünlərə olan bu qayğının əsası hələ Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu illərdən başlamış, İlham Əliyev cənablarının ölkəyə rəhbərlik etdiyi illər ərzində daha da geniş vüsət almışdır.
Tədbirdə çıxış edən məcburi köçkünlər onlara göstərilən davamlı diqqət və qayğıya görə Azərbaycan dövlətinə, şəxsən Prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirmişlər. Əminliklə ifadə etmişlər ki, hər zaman olduğu kimi, bu gün də bütün laçınlılar Prezident İlham Əliyev cənablarının milli maraqlara söykənən daxili və xarici siyasətini bəyənir və müdafiə edirlər. Çünki, onlar bu siyasətin ölkəmizin ərazi bütövlüyünün bərpasına gətirib çıxaracağına tam əmindirlər.
Görüşdən sonra keçirilən qəbulda 11 nəfər vətəndaşın müraciətləri dinlənilmiş və həmin müraciətlərə baxılması üçün rayon rəhbərliyi tərəfindən aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir.
Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov məktəbin müəllim və şagird kollektivləri ilə görüşmüş, məktəbdə yaradılan şəraitlə və tədrisin keyfiyyəti ilə yaxından maraqlanmışdır.
Görüş-səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın əməkdaşları, müvafiq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin işçiləri, idarə, müəssisə və təşkilatların təmsilçiləri iştirak etmişlər.