Laçın Rayon İcra Hakimiyyəti başçısı Akif Səlimovun növbəti görüş-səyyar qəbulu Xəzər rayonunun Buzovna qəsəbəsində keçirilmişdir
22 dekabr 2015-ci il tarixində Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun Bakı şəhər Xəzər rayonu Buzovna qəsəbəsində müvəqqəti məskunlaşan laçınlı məcburi köçkünlərlə görüş-səyyar qəbulu keçirilmişdir.
Həmin ərazidə fəaliyyət göstərən şəhid Ələsgər İsaxanov adına Laçın rayonunun Quşçu kənd tam orta məktəbində keçirilən görüşdə çıxış edən rayon rəhbəri respublikamızın digər rayonları ilə yanaşı laçınlı məcburi köçkünlərin sıx məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisində və digər yaşayış məntəqələrində həyata keçirilmiş abadlıq-quruculuq işlərindən danışmış, ötən illərdə olduğu kimi, 2016-cı ilin dövlət büdcəsinin də sosial yönümlü olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Qeyd olunmuşdur ki, növbəti ilin büdcəsində də qaçqın və məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə kifayət qədər vəsait nəzərdə tutulmuşdur. Vurğulanmışdır ki, məcburi köçkünlərə olan bu qayğının əsası hələ Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdən başlamış, İlham Əliyev cənablarının ölkəyə rəhbərlik etdiyi illər ərzində daha da geniş vüsət almışdır.
Tədbirdə çıxış edən məcburi köçkünlər onlara göstərilən davamlı diqqət və qayğıya görə Azərbaycan dövlətinə, şəxsən Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər. Məcburi köçkünlər əminliklə ifadə etmişlər ki, hər zaman olduğu kimi, bu gün də bütün laçınlılar Prezident İlham Əliyev cənablarının milli maraqlara söykənən daxili və xarici siyasətini bəyənir və onu elliklə müdafiə edirlər. Çünki, onlar bu siyasətin ölkəmizin ərazi bütövlüyünün bərpasına gətirib çıxaracağına əmindirlər.
Qəbulda 11 nəfərin müraciəti dinlənilmişdir ki, bu müraciətlər avtomobil yolunun təmiri, içməli su xəttinin çəkilməsi, xeyir-şər mərasimləri üçün çadır verilməsi və maddi köməklik göstərilməsi ilə əlaqədar olmuşdur. Edilən müraciətlərin yerinə yetirilməsi məqsədi ilə rayon rəhbərliyi tərəfindən müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir. Sonra rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov cənabları məktəbin müəllim və şagird kollektivləri ilə görüşmüş, yaradılan şəraitlə, tədris prosesinin təşkili ilə yaxından tanış olmuşdur.
Görüş-səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın əməkdaşları, müvafiq ərazi icra nümayəndəliklərinin işçiləri, rayonunun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.