Laçınlılar Ulu öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etdilər
12 dekabr 2015-ci il tarixdə Azərbaycan xalqının unudulmaz oğlu ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi ilə əlaqədar Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon sakinlərinin daha sıx məskunlaşdıqları Ağcabədi rayonu Taxta körpü qəsəbəsində geniş anım mərasimi keçirilmişdir. Çoxsaylı rayon ictimaiyyəti nümayəndələri, qəsəbə sakinləri və məktəblilər Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı Ulu Öndər Heydər Əliyevin büstü önünə güllər düzülərək onun əziz xatirəsi ehtiramla yad edildikdən sonra tədbir Rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirilmişdir. Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov Ulu Öndər Heydər Əliyevin dünya siyasətçiləri arasında tutduğu xüsusi mövqeyindən, xalqımız qarşısındakı misilsiz xidmətlərindən söz açaraq, müasir Azərbaycan dövlətinin Heydər Əliyevin əvəzedilməz strategiyası ilə bu gündə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edərək dünyada layiqli yerini tutmasını xüsusilə vurğulamışdır.
Tədbirdə çıxış edən rayon ictimaiyyətinin nümayəndələri Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə bir daha nəzər salmış, onun möhkəm iradəyə, mahir diplomatiya və idarəçilik qabiliyyətinə, geniş zəkaya, yüksək insanpərvərlik xüsusiyyətlərinə malik olmasından ətraflı söhbət açmış, əziz xatirəsi önündə baş əydiklərini bildirmişlər. Eyni zamanda onlar istər Sovetlər İttifaqında, istərsə də müstəqillik illərinin ilk dövründə respublikamızda qazanılmış uğurların başlıca təşkilatçısı və səbəbkarı Ulu öndər Heydər Əliyev olduğunu xüsusilə vurğulamış, Ulu öndərin əziz xatirəsinin tərəqqipərvər bəşəriyyətin yaddaşında əbədi yaşayacağını qeyd etməklə, hələ xalqımıza onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha möhtəşəm qələbələr qazandırılacağı bildirilmişdir. Həmçinin qəti əminliklə vurğulanmışdır ki, ölkəmizin yeganə problemi olan Dağlıq Qarabağ məsələsi, yağı düşmən tərəfindən işğal olunmuş tarixi torpaqlarımız ölkə Prezidentinin apardığı qətiyyətli və dönməz siyasət sayəsində tezliklə işğaldan azad ediləcək, respublikamızın ərazi bütövlüyü təmin edilməklə bütün köçkünlər öz ata-baba yurdlarına dönəcəklər.
Tədbirdə rayon sakinləri ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşadığını, onun əvəzolunmaz ideyalarının dövlətimizin inkişafı və tərəqqisi yolunda əbədi mayaka çevrildiyini bildirmişlər.