Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qəhrəmana həsr edilmiş “Laçın qartalı” sənədli filminin təqdimatı keçirildi.

24 noyabr 2015 | 16:00

24.11.2015-ci il tarixdə laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində Azərbaycanın Milli Qəhrəmanı Oqtay Güləliyevə həsr edilmiş “Laçın qartalı” sənədli filminin təqdimatı keçirilmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin noyabrın 23-dən 30-dək keçirdiyi “Vətənpərvərlik Kinosu Günləri” çərçivəsində təşkil edilən təqdimat mərasimində rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri, Qarabağ müharibəsi veteranları, Milli Qəhrəmanın ailə üzvləri iştirak ediblər.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmiş “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən olan sənədli film “Yaddaş” studiyasında lentə alınmışdır. Milli Qəhrəman Oqtay Güləliyevin həyatı, döyüş və qəhrəmanlıq yolundan bəhs edən filmin rejissoru İltifat Hacıxanoğludur.
Tədbirdə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov 1990-cı illərin əvvəllərinə baş verən hadisələridən, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən, laçınlı oğulların respublikamızın ərazi bütövlüyü uğrunda fədakar mübarizəsindən, ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə göstərilən dövlət qayğısından söz açmışdır. Bildirilmişdir ki, müharibə zamanı 267 nəfər laçınlı şəhid olmuş, 66 nəfər girov götürülmüş, 120 nəfər sağlamlığını itirmişdir. Torpaqlarımızın müdafiəsində xüsusi şücaət göstərmiş laçınlılardan 5 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Almas Sultanzadə sənədli filmin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyətini yüksək qiymətləndirərək, filmi ərsəyə gətirən yaradıcı kollektivə minnətdarlığını bildirmişdir. Qeyd edikmişdir ki, noyabrın 23-dən 30-dək keçiriləcək “Vətənpərvərlik Kinosu Günləri” çərçivəsində “Yaddaş” sənədli filmlər studiyasında Vətən torpaqları uğrunda döyüşlərdə igidlik göstərən Azərbaycanın Milli Qəhrəmanları haqqında 12 filmin və “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş Qarabağ müharibəsinin qəhrəmanlıq səhifələrindən birinə həsr olunan “Yarımçıq xatirələr” bədii filminin təqdimatı nəzərdə tutulur.
Filmin ssenari müəllifi və rejissoru İltifat Hacıxanoğlu ekran əsərinin çəkilişində əməyi olan bütün insanlara minnətdarlığını bildirmişdir.
Məlumat verilmişdir ki, Oqtay Güləliyev 10 noyabr 1962-ci ildə Laçın rayonunun Xaçınyalı kəndində anadan olmuş, 1980-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmışdır. O, 1984-cü ildə Poltava Kooperativ İnstitutunun Bakı filialına qəbul olur. Laçın polisində işlədiyi dövr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin kəskinləşdiyi bir dövrə təsadüf etdiyindən Oqtay Güləliyev də polis işçisi kimi ermənilərə qarşı əməliyyatlarda iştirak etmişdir. "Daşaltı əməliyyatı" zamanı onun bölüyü mühasirəyə düşən 80 nəfər əsgəri təhlükəsiz zonaya çıxarmağa müvəffəq olur. Pircahan kəndi yaxınlığında gedən döyüşlərdə ağır yaralanan Oqtay Güləliyev müalicə olunaraq cəbhəyə qayıdır. Onun Laçın dəhlizini düşmənlərdən geri almaq üçün əməliyyat planı 1992-ci il sentyabrın 19-da uğurla başa çatır, beləliklə Gorus-Şuşa yolu nəzarətə alınır. Lakin düşmən ərazini yenidən ələ keçirməyə müvəffəq olur və Oqtay Güləliyevin qüvvələri mühasirəyə düşür. 11 oktyabr 1992-ci il tarixdə Hoçaz yüksəkliyində gedən döyüşdə əsgərləri təhlükəsiz yerə keçirə bilsədə, qəhrəmancasına həlak olur.
Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli fərmanı ilə Güləliyev Oqtay Güləli oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Milli Qəhrəman Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Tədbir iştirakçıları sonra Milli Qəhrəmanlara həsr edilmiş filmə tamaşa ediblər.
Milli Qəhrəman Oqtay Güləliyevin həyat yoldaşı Afət Novruzova tədbir iştirakçılarına dərin təşəkkürünü bildirmişdir.

Keçidlər