Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü laçınlılar tərəfindən yüksək ehtiramla qeyd olundu

11 may 2012 | 15:00

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı 10 may 2012-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının birgə təşkilatçılığı ilə Laçın Rayon İcra Hakimiyyətində geniş ümumrayon tədbiri keçirilmişdir. Tədbirdən əvvəl çoxsaylı rayon ictimaiyyəti nümayəndələri, məktəblilər Laçın Rayon İcra Hakimiyyəti inzibati binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuşlar.
Sonra tədbir, rayon İcra Hakimiyyəti inzibati binasının iclas zalında davam etdirilmişdir. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Cəbrayılov açdıqdan sonra Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. “Xalqımızın Ümummilli lideri Heydər Əliyev ideyaları müstəqil Azərbaycan dövlətinin əbədi inkişaf yoludur” mövzusu üzrə məruzə dinlənilmişdir. Eyni zamanda tədbirdə rayon ziyalıları Müsü Abdüləzimov və Əmirxan Züynalov çıxış etmişdir.
Məruzə və çıxışlarda Ulu Öndər Heydər Əliyevin əvəzolunmaz dövlətçilik strategiyasından, keçdiyi şərəfli həyat yolundan ətraflı danışılmış, Heydər Əliyevin dünya siyasətçiləri sırasında sayılıb seçilən görkəmli bir dövlət xadimi olması xüsusilə vurğulanmışdır. Eyni zamanda Heydər Əliyev siyasi kursunun 2003-cü ildən ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Heydər Əliyev ideyalarının müstəqil Azərbaycan dövlətinin əbədi inkişaf yolu olduğu bildirilmişdir. Tədbirdə Yeni Azərbaycan Partiyası sıralarına daxil olmuş bir qrup gəncə partiya vəsiqələri təqdim olunmuş və rayonun ümumtəhsil məktəblərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı keçirilmiş inşa yazı müsabiqəsi qaliblərinə fəxri diplom və hədiyyələr verilmiş, habelə Ulu Öndərin əziz xatirəsinə həsr olunmuş futbol, voleybol və şahmat yarışlarının qaliblərinə kubok, diplom və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmə tamaşa edilmişdir.
 

Keçidlər