Prokurorluq işçilərinin peşə bayramı günü qeyd olundu.
01 oktyabr 2015-ci il tarixdə Ağcabədi rayonunun Taxta körpü qəsəbəsində Laçın rayon Prokurorluğunun əməkdaşları öz peşə bayramlarını qeyd etmişlər. Rayon Prokurorluğunun əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı Ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək, abidə önünə tər güllər düzmüşlər. Sonra tədbir Rayon Icra Hakimiyyətinin iclas zalında davam etdirilmişdir.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev prokurorluq orqanlarında çalışanları peşə bayramları münasibəti ilə təbrik etmiş, Azərbaycanda Prokurorluq işçilərinin bütün dövrlərdə dövlət müstəqilliyimizin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə önəmli rol oynadığını bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, ən çətin anda, ən dar məqamda Prokurorluq işçiləri həmişə xalqımızın köməyinə çatmış, suverenliyimizin qorunmasında xalqımıza ləyaqətlə xidmət etmişdir. Bu gün Azərbaycanın ən stabil, ən sabit bir məmləkət olduğunu bildirən Tofiq Mirzəyev xalqımızın Ulu öndəri Heydər Əliyevin, 2003-cü ildən isə ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunan Azərbaycan Prokurorluq işçilərinin öz xidməti vəzifəsini ləyaqətlə yerinə yetirdiyini xüsusilə qeyd etmişdir.
Rayon Prokuroru Ceyhun Almasov öz çıxışında 17 iyul 1998-ci il tarixdə Prezident Heydər Əliyev tərəfindən Azərbaycan Xalq Cumhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə imzaladığı sərəncamdan danışaraq, ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası Prokurorluğunun qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət edən orqana çevrilməklə sivil və demokratik inkişaf yolu keçdiyini bildirmişdir. Bu dövr ərzində qəbul olunmuş çoxsaylı qanun və məcəllələr, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası, «Məhkəmələr və hakimlər haqqında», «Konstitusiya məhkəməsi haqqında», «Prokurorluq haqqında», «Prokurorluq orqanlarında qulluq keçmə haqqında», «Polis haqqında», «Əməliyyat-axtarış fəaliyyəti haqqında», «Vəkillər və vəkillik fəaliyyəti haqqında» qanunlar, Cinayət, Cinayət-Prosessual, Cəzaların icrası, Mülki, Mülki-Prosessual, İnzibati xətalar məcəllələri və bir sıra mühüm normativ-hüquqi aktlar bütövlükdə demokratik cəmiyyətdə prokurorluğun yerini və rolunu müəyyən edib.
Tədbirdə çıxış edən digər hüquq-mühafizə orqanlarının nümayəndələri və rayon ziyalıları da Prokurorluq işçilərini peşə bayramı günü münasibəti ilə təbrik etmiş, ölkəmizdə əmin-amanlığın qorunmasında Prokurorluq orqanlarının əvəzolunmaz xidmətlərini yüksək qiymətləndirmiş, onlara gələcək işlərində uğurlar arzulamışlar.
Tədbirin sonunda Prokurorluq sahəsində qüsursuz xidmətlərinə görə Mirzəyev Tapdıq Mürsəl oğluna Laçın Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri fərman təqdim edilmişdir.