24 sentyabr 2015-ci il tarixdə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində müvəqqəti məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlər Müqəddəs Qurban bayramı münasibəti ilə bağlı tədbir keçirmişlər.
Tədbirdə rayon fəalları, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, ağsaqqallar iştirak etmişdir. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısı Akif Səlimov ilk öncə hər kəsi islam dünyasının müqəddəs bayramlarından biri olan Qurban bayramı münasibəti ilə təbrik etmiş, Ulu Tanrının hər kəsin qurbanını, dualarını, niyyətlərini qəbul etməyini arzulamışdır. Rayon rəhbəri qeyd etmişdir ki, bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirməkdir. Qurban bayramı orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi bayramıdır. İslamda bu ay xüsusi mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı öz əksini tapır. Natiq həmçinin çıxışında onu da bildirdi ki, bu gün kəsilən 120 başdan çox qurbanlıq qoyun kəsilmiş, Qurban payları ölkəmizin 20-dən çox rayon və şəhərində müvəqqəti məskunlaşmış 1000-dən çox laçınlı məcburi köçkün ailəsinə, o cümlədən şəhid, imkansız, tənha ailələrə, Böyük Vətən Müharibəsi iştirakçılarına, Qarabağ müharibəsi əlillərinə və veteranlarına göndərilmişdir. Natiq bir daha hər kəsi təbrik etmiş və bu bayramın ölkəmiz, dövlətçiliyimiz, xalqımız üçün uğurlu və xeyirli olmasını diləmiş, növbəti qurbanları işğaldan azad ediləcək torpaqlarımızda, o cümlədən Laçın torpağında kəsilməsini arzulamışdır.
Daha sonra qurbanlıq heyvanların kəsimi başlamış, hər bir ailə üçün hazırlanmış Qurban payları Mingəçevir, Yevlax, Şirvan şəhərlərində, Bərdə, Tərtər, Beyləqan, Füzuli, İmişli, Saatlı, Sabirabad, Kürdəmir, Göyçay və digər rayonlarda müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkün ailələrinə çatdırılmışdır. Laçınlı məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.