Yeni uşaq bağçası istifadəyə verildi.
18.09.2015-ci il tarixdə Bərdə rayonunun Həsənqaya və Gərənə bələdiyyələrinin ərazisində məcburi köçkünlər üçün salınmış 588 ailəlik yeni məhəllədə inşa olunmuş və 2 saylı Laçın uşaq bağçasının istifadəsinə verilmiş 140 yerlik uşaq bağçası binasının açılışı ilə bağlı tədbir keçirilmişdir.
Məlumat verilmişdir ki, cari ilin avqust ayında tikintisi tam başa çatdırılmış həmin uşaq bağçası Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2011-ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncamla edilmiş “Əlavələr”in 1.7-ci bəndinə əsasən inşa olunmuşdur. İki mərtəbəli 140 yerlik uşaq bağçası lazımi inventar və avadanlıqlarla təmin edilmiş, burada uşaqlar üçün hər cür şərait yaradılmışdır.
Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Akif Səlimov rəmzi lenti kəsdikdən sonra tədbiri açıq elan edilmişdir. Təbir iştirakçılarını təbrik edən rayon rəhbəri məcburi köçkünlərə daim yüksək diqqət və qayğı göstərildiyini vurğulayaraq ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə və rayonda aparılan geniş quruculuq və abadlıq işlərindən, ayrı-ayrı sahələrdə əldə edilmiş uğurlardan, məcburi köçkünlərin problemlərinin həlli, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən söz açmış, hər bir kəsə uğurlar arzulamışdır.
Tədbirdə çıxış edənlər onlara göstərilən davamlı diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmiş, ölkə rəhbərliyinin apardığı siyasət nəticəsində işğal altında olan torpaqlarımızın işğaldan azad ediləcəyinə, tezliklə öz doğma torpaqlarımıza qayıdacaqlarına, belə yaraşıqlı binaların Laçın torpağında inşa olunaraq əhalinin istifadəsinə veriləcəyinə qəti əminliklərini bildirmişlər. Daha sonra rayon rəhbəri yeni inşa olunmuş uşaq bağçasında yaradılmış şəraitlə yaxından tanış olmuşdur.