Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlılar böyük qayıdışa-işğal altında olan torpaqları azad etmək üçün Ali Baş Komandan əmrlərinə hər an hazır olduqlarını bəyan etmişlər.

10 sentyabr 2015 | 15:00

Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən bir neçə gündür ki, Komanda Qərargah Hərbi Oyunları uğurla davam etməkdədir.  Azərbaycan ordusunun güc və qüdrətinin təntənəsinə çevrilən bu irimiqyaslı təlimlər düşmənlərimizi nə qədər vahiməyə salmışsa, bir o qədər də xalqımızın vətənpərvərlik ruhunun, orduya və işğal altında olan torpaqların tezliklə azad ediləcəyinə inamının daha da yüksəlməsinə səbəb olmuşdur.
Təlimlərə altı min nəfərdən çox hərbi vəzifəlinin ehtiyatdan çağırılması və onların  vaxtında təyin edilən məntəqələrə çatdırılması yüksək səviyyədə təşkil olunmuşdur. Son vaxtlar Səfərbərlik və Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələrinin, icra strukturlarının, hərbi hissələrin qarşısına toplaşan yüzlərlə müharibə veteranı, şəhid övladı, gənclər nəinki təlimlərə qoşulmaq, həmçinin işğal altında olan torpaqlar uğrunda müqəddəs döyüşlərə atılmaq üçün ordu sıralarına  daxil olmaq üçün növbədə dayanmışlar.
Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonu Taxtakörpü ərazisində iki min nəfərdən çox Laçın sakini vətənin çağırışına hər an hazır olduqlarını bildirmək üçün qəsəbə mərkəzinə toplaşmışlar.
Tədbir iştirakçılarından  bir qrupu əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə hörmət və ehtiram əlaməti olaraq gül dəstələri qoymuş, Şəhidlərin abidə kompleksini  ziyarət etmişlər.
Mitinqi Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev açaraq bildirib ki, bir neçə gündür davam edən Komanda Qərargah Hərbi Oyunları Laçın əhalisinin də böyük ruh yüksəkliyinə səbəb olub. Əli silah tutan hər bir gənc, eləcə də müharibə iştirakçısı ordu ilə həmrəyliklərini, Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqlarını bəyan etmək üçün belə bir aksiyanın keçirilməsini təkidlə xahiş etmişlər.  Rayon icra hakimiyyətinin rəhbərliyi tərəfindən bu  vətənpərvərlik təşəbbüsü çox böyük rəğbətlə qarşılanmış və tədbirin keçirilməsinə icazə verilmişdir.
Sonra ayrı-ayrı şəxslər meydanın mərkəzində qoyulmuş mikrofona yaxınlaşaraq öz arzu, fikir və təkliflərini bildirmişlər.
Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda döyüşlərdə göstərdiyi şəxsi rəşadət və şücaətə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş Qarabağ müharibəsi iştirakçısı Aqşin Məmmədov çıxış edərək ölkə rəhbərinin daxili və xarici siyasətini ürəkdən dəstəklədiklərini və laçınlı veteranların yenə də döyüşlərə atılmağa hazır olduqlarını qeyd edib.
Müəllimlərdən  Elməddin Əkbərli, Dağbəyi  Abbasov, Həmid İbrahimov  və Eynulla Axundov yeni dərs ilinin başlamasına qısa bir vaxt qalmasına baxmayaraq, müəllim kimi sinif otaqlarına deyil,  döyüşçü kimi ön səngərə getməyə hazır olduqlarını tədbir iştirakçılarının diqqətinə çatdırmışlar.
Əlil olmasına baxmayaraq Qarabağ müharibəsinin birinci mərhələsində fəal iştirak etmiş döyüşçü Firdovsi Təhməzov bu gün də qəlbinin atəşi ilə döyüşə hazır olduğunu qeyd etmiş və hamını bir bayraq altında, Qarabağ uğrunda birləşməyə səsləmişdir.
87 yaşlı el ağsaqqalı Məhəmməd Bəxtiyarov  Laçına qayıtmayınca ölümə can verməyəcəyini bildirmiş və ixtiyar çağında da əsgərlərlə bir yerdə döyüşə atılacağına and içmişdir.
Şəhid ailəsi Yasəmən İsmayılovanın dediyi “Şəhidlərin intiqamını almaq vaxtı çoxdan çatmışdır. Mən də sizinlə birlikdə döyüşə getməyə hazıram!” sözləri  tədbir iştirakçılarında kövrək duyğular oyatmışdır.
Seyid nəvəsi  Arif Həsənov əlində bayraq qarşıya çıxaraq gənclər adından and içmişdir ki, biz bu bayrağı tezliklə əzəli və əbədi torpaqlarımızda yenidən dalğalandıracağıq.
Birbaşa Komanda Qərargah Hərbi Oyunlarından mitinqə gəlmiş Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani Azərbaycan ordusunun arxasında böyük xalqın dayandığından qürur duyduqlarını və Azərbaycan əsgərinin bundan güc, ilham aldıqlarını vurğulamış, ordu ilə xalqın bu həmrəyliyini  yüksək qiymətləndirərək Müdafiə Nazirliyi rəhbərliyinin və Silahlı Qüvvələr şəxsi heyətinin minnətdarlığını tədbir iştirakçılarına çatdırmışdır.
Laçın Rayon İcra Hakimiyyətinin  başçısı Akif Səlimov  dünyanın bir çox ölkələrinin iqtisadi siyasi, hərbi böhranla üzləşdiyi bir dövrdə müstəqil respublikamızın tərəqqi və inkişaf yolu ilə inamla irəlilədiyini qeyd etmiş, güclü dövlətimizin güclü, qüdrətli ordusunun yarandığını böyük iftixar hissi ilə tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan Silahlı Qüvvələri işğal edilmiş torpaqlarımızı istənilən vaxt azad etməyə hazır və qadirdir. Lakin ölkə rəhbərliyi  Qarabağ probleminin sülh, danışıqlar yolu ilə həllini hər şeydən üstün tutur. Əgər düşmən məkrli niyyətlərindən əl çəkməyəcəksə, onda ordu ilə xalqın birliyi öz sözünü deyəcəkdir.
Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi “Bizim bayrağımız tezlikcə Xankəndi, Şuşa, Laçın və işğal altında olan digər torpaqlarımızda dalğalanacaqdır. Biz qələbə gününü görəcəyik” kəlamları səslənmiş və iştirakçılar vətənpərvərlik mahnılarının müşayiəti ilə meydandan ayrılmışlar.

Keçidlər