Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayonunun təhsil işçilərinin növbəti konfransı keçirilmişdir.

09 sentyabr 2015 | 15:00

2015-ci il 9 sentyabr tarixdə Laçın Rayon Təhsil işçilərinin növbəti konfransı keçirilmişdir. Konfransdan  əvvəl rayonun çoxsaylı təhsil işçiləri və ictimaiyyət nümayəndələri Taxtakörpü qəsəbəsində Ulu öndər Heydər Əliyevin Rayon İcra Hakimiyyətinin  inzibati binası qarşısında ucaldılmış büstünü ziyarət etmiş, abidə önünə tər güllər düzərək ehtiramlarını bildirmişlər. 
     Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsindəki Laçın Rayon Mədəniyyət evində  keçirilən konfrans Azərbaycan Respublikasının Dövlət Himninin  səsləndirilməsi ilə öz işinə başlamışdır.
     Konfransda Rayon Təhsil şöbəsinin müdiri Malik Vəliyev “2014-2015-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə ötən tədris ilində rayonun təhsil sahəsində əldə edilmiş uğurlar, həmçinin problem  və geriliklər ətraflı təhlil olunmuşdur.
    Eyni zamanda bildirilmişdir ki, bu ilki qəbul imtahanlarında 2015-ci  ildə məktəbi bitirən 820 nəfər məzunun 552 nəfəri ali məktəblərə qəbul olunmaq üçün ərizə vermişdir, yəni qəbul imtahanlarında attestat alanların 67 %-i iştirak etmişdir. Onlardan da 303 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Qəbul imtahanlarında iştirak edən abituriyentlərin 54,33 %-i ali məktəblərə qəbul olunmuşdur. Bu, Laçın rayonu üzrə son 23 ildə ən yüksək göstəricidir.  2011-ci ildə qəbulolma 30%, 2012-ci ildə 37%, 2013-cü ildə 44%, 2014-cü ildə 54% olmuşdur. Bu ilki qəbul imtahanlarında rayon məzunlarının 54 nəfəri 500-dən, o cümlədən 15 nəfəri 600-dən yuxarı bal toplamışdır.
     Həmçinin bildirilmişdir ki, Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun təşəbbüsü ilə “Hər ailədən orduya bir zabit” devizi ilə məktəblilər arasında geniş təbliğat kampaniyası aparılmış, həyata keçirilən tədbirlərin nəticəsi olaraq  bu il 3 nəfər məzun Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, 5 nəfər məzun Cəmşid Naxçıvanski adına hərbi liseyə, 5 nəfər məzun xüsusi təyinatlı digər Akademiyalara  qəbul olmuşlar.
    Konfransda məruzə ətrafında rayonun qabaqcıl və təcrübəli məktəb rəhbərləri, təhsil işçiləri çıxış etmiş, fikir və mülahizələrini bölüşmüşlər. Konfransda çıxış edən natiqlər respublikamızda təhsilə göstərdikləri yüksək diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti  Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını  bildirmişlər.
    Konfransda Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov  çıxış edərək ölkəmizdə prioritet məsələlərdən biri olan təhsil sahəsində görülən işlərdən, Ölkə başçısı cənab İlham Əliyevin təhsilə göstərdiyi hərtərəfli diqqət və qayğıdan danışmış, ötən son 10 il ərzində də təhsilin inkişafı ilə bağlı mühüm  Sərəncamların imzalandığını qeyd edərək məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli işlərin görüldüyünü bildirmişdir.
   Rayon rəhbəri həmçinin bildirmişdir ki, təhsil müəssisələrinin fəaliyyəti  daim Rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılmışdır. Görülmüş işlərlə yanaşı rayon rəhbəri Rayon Təhsil şöbəsinə və məktəb rəhbərlərinə qısa zamanda işlərində dönüş yaradılması, əmək intizamı, keyfiyyət göstəricilərinin yüksəldilməsi, vahid məktəbli formasına keçidin diqqətdə saxlanılması ilə bağlı  konkret tapşırıqlarını vermişdir.
    Konfransda Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun direktor müavini Ənvər Abbasov  iştirak  etmişdir.
    Konfransda  Ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Keçidlər