Modul tipli su təmizləyici qurğular istifadəyə verildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Kür-Araz boyu əhalinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi məqsədilə modul tipli su təmizləyici qurğuların quraşdırılması layihələri çərçivəsində 2014-cü ildə Laçın rayonunun Mişni kəndindən olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Mişni obasının və Qarıqışlaq kəndindən olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Qarıqışlaq obasının hər birində ayrı-ayrılıqda su təmizləyici qurğuların tikintisinə başlanılmış, cari ilin avqust ayında həmin obyektlərin tikintisi tam şəkildə başa çatdırılmışdır.
Bununla əlaqədar olaraq ictimaiyyət nümayəndələrinin iştirakı ilə 2015-ci il 8 sentyabr tarixdə əvvəlcə Qarıqışlaq obasında, daha sonra isə Mişni obasında inşa olunmuş modul tipli su təmizləyici qurğuların istifadəyə verilməsi ilə bağlı açılış tədbirləri keçirilmişdir.
Hər iki tədbirdə çıxış edən Laçın Rayonu İcra Hakimiyyəti başçısı Akif Səlimov Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə və rayonda aparılan geniş quruculuq və abadlıq işlərindən, ayrı-ayrı sahələrdə əldə edilmiş uğurlardan, məcburi köçkünlərin problemlərinin həlli, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən söz açmışdır.
Tədbirlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinin əməkdaşları da iştirak etmişlər.
Məcburi köçkünlər onlara göstərilən davamlı diqqət və qayğıya görə Ölkə Başçısı cənab İlham Əliyevə minnətdarlıq bildirmişlər.