Laçınlılar Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümünü dərin kədər hissi ilə qeyd etmişlər
3 may 2012-ci il tarixdə. Laçınlı məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Taxtakörpü qəsəbəsində ümummilli lider Heydər Əliyevin büstü və şəhidlərin xatirə kompleksi önünə gül dəstələri qoymuşlar.
Laçın Rayon İcra Hakimiyyətinin iclas zalında keçirilən tədbirdə Şuşa şəhərinin işğalı və Qarabağ müharibəsi zamanı şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Tədbirdə çıxış edənlər qədim Azərbaycan şəhəri olan Şuşanın coğrafi mövqeyi, tarixi, mədəniyyəti, zəngin memarlıq abidələri, tarixi şəxsiyyətləri və şəhərin işğalı ilə bağlı fikirlərini bildirmiş, ölkə Prezidenti cənab İlham Əliyevin “Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü haqqında” imzaladığı Sərəncamın əhəmiyyətini yüksək qiymətləndirilmişlər.
Məlumat verilmişdir ki, 1992-ci il mayın 8-də 289 kvadratkilometr ərazisi, 22 min nəfər əhalisi olan, 1 şəhər və 30 kənddən ibarət Şuşa rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Şuşa uğrunda döyüşlərdə 195 nəfər şəhid olmuş, 165 nəfər yaralanmış, 58 nəfər isə itkin düşmüşdür. İşğal nəticəsində Şuşada 25 məktəb, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi, 4 texnikum, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatr, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət rəsm qalereyası, uşaq sağlamlıq məktəbi talan edilərək yandırılmışdır.
Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dək mədəniyyət və tarixi abidə də erməni vəhşiliyinin qurbanı olmuşdur. Son tunc və ilk dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutusu qəbirləri, daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə dair Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan Sarayı və karvansara, M.P.Vaqifin mədrəsəsi və türbəsi, Yuxarı məscid mədrəsəsi, Hacıqulların malikanəsi, ikimərtəbəli karvansaray, Mehmandarovların malikanə kompleksi, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidləri, Xurşidbanu Natəvanın evi və bulağı, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S. Axundovun, N.B.Vəzirovun, Yusif Vəzir Çəmənzəminlinin evləri, Mamay bəyin evi, məscidi və bulağı, Üzeyir Hacıbəylinin, Bülbülün ev-muzeyləri, Xan Şuşinskinin, tarzən Sadıqcanın evləri, Realnı məktəbin binası, Qız məktəbi, Şirin su hamamı, Meydan bulağı, İsa bulağı və s. tarixi mədəniyyət nümunəsi erməni işğalçıları tərəfindən dağıdılmışdır.
Qeyd olunmuşdur ki, hazırda Şuşa rayonunun 30 min 119 nəfər əhalisi Azərbaycanın 55 rayonunda müvəqqəti məskunlaşmışdır.
Tədbir iştirakçıları Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq siyasətini pisləmiş, Azərbaycan torpaqlarının erməni işğalı altında saxlanılmasına dünyanın böyük dövlətlərinin birtərəfli yanaşmasına və BMT-nin qəbul etdiyi qətnamələrin hələ də yerinə yetirilmədiyinə kəskin etirazlarını bildirmişlər.
Mərasimdə “Şuşa - Azərbaycan” sənədli filmi göstərilmişdir.