Ali hərbi məktəblərə və hərbi liseylərə qəbul olan Laçınlı gənclərlə görüş keçirildi.
2013-cü ildə Laçın Rayon İcra Hakimiyyəti başçısı Akif Səlimovun irəli sürdüyü “Hər ailədən orduya bir zabit” təşəbbüsü artıq özünü doğrultmaqdadır. Hər il ali hərbi məktəblərə və liseylərə qəbul olan gənclərin sayının artması buna əyani sübutdur. Laçınlı gənclərin ali hərbi məktəblərə marağının artmasının əsas səbəblərindən biri də rayonda vətənpərvərlik ruhunda aparılangeniş təbliğatın nəticəsidir.
2015-ci il də hərbi sahəsini seçən laçınlı gənclər üçün uğurlu olmuşdur. Belə ki, hərbi məktəblərə sənəd vermiş məzunlardan 8 nəfəri müvafiq balları toplayaraq müxtəlif ali hərbi məktəblərə qəbul olmuşlar. 2015-ci il 27 avqust tarixdə günün birinci yarısı Bakı şəhərinin Yeni Günəşli qəsəbəsində yerləşən mərasim evinin zalında Laçın Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş görüşdə laçınlı gənclərin ali hərbi məktəblərə və hərbi liseylərə qəbul olunması istiqamətində görülən işlər və qarşıda duran məsələlər geniş müzakirə olunmuşdur.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov, başçının müavinləri, Rayon Təhsil şöbəsinin müdiri, hərbi məktəblərə qəbul olan gənclər, onların valideynləri və rayon ziyalıları iştirak etmişlər.
Tədbiri açan Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov bildirmişdir ki, 2013-cü ildə Laçın Rayon İcra Hakimiyyəti tərəfindən irəli sürülən respublika əhəmiyyətli “Hər ailədən orduya bir zabit” təşəbbüsünün nəticələri göz qabağındadır. Artıq hamıya məlumdur ki, bu günkü Azərbaycan ordusu 1992-ci ilin əvvəllərindəki ordu deyildir. Bu hazırkı Azərbaycan ordusu ən müasir silahlar və texnikalara malik modern ordudur. Bu ordu işğal olunmuş torpaqlarımızı hər an azad etmək gücünə malikdir. Cənab Prezident əlindən gələni edir ki, torpaqlarımız sülh yolu ilə azad edilsin. Lakin işğal altında olan torpaqlarımız sülh yolu ilə alınmasa, biz torpaqlarımızı müharibə yolu ilə almağa hazırıq. Mən sizləri inandırıram ki, çox qısa vaxt ərzində ordumuz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında nəinki işğal olunmuş Dağlıq Qarabağı, habelə Zəngəzuru, Vedibasarı və digər əraziləri azad etməyə qadirdir və tezliklə bunun real nəticələrinin şahidi olacaqsınız. Natiq daha sonra vurğulamışdır ki, müharibədə qələbə çalmağın yolu təkcə müasir silahlarla bitmir, qələbə əldə etmək üçün hər birimiz dövlətimizin, cənab Prezidentimizin ətrafında sıx birləşməli, evimizdə, ailəmizdə vətənpərvərlik ruhunu təbliğ etməliyik. Qeyd olundu ki, Laçın Rayon İcra Hakimiyyəti, Rayon Təhsil şöbəsi rayonda hərbi vətənpərvərlik ruhunun artırılmasında mühüm işlər görür və bu işlər sistemli olaraq davam etdiriləcəkdir.
Tədbirdə çıxış edənlər də Laçın Rayon İcra Hakimiyyəti başçısı Akif Səlimovun irəli sürdüyü “Hər ailədən orduya bir zabit” təşəbbüsünə hamılıqla qoşulduqlarını və bu təşəbbüsün reallaşması üçün bütün imkanlardan istifadə edəcəklərini bildirmişlər.