Laçın Rayonu İcra Hakimiyyəti başçısı yanında Şuranın səyyar iclası keçirilmişdir.
2015-ci il 3 avqust tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən 38 saylı tam orta məktəbinin iclas zalında Laçın rayonunun şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin işçilərinin, ümumtəhsil məktəblərinin direktorlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Laçın Rayonu İcra Hakimiyyəti başçısı yanında Şuranın səyyar iclası keçirilmişdir. İclasda 110 nəfər iştirak etmişdir.
Laçın Rayonu İcra Hakimiyyəti başçısı Akif Səlimovun sədrliyi ilə keçirilmiş iclasda rayonun yeniyetmə və gəncləri arasında aparılan hərbi-vətənpərvərlik sahəsində görülmüş işlər və cari tədris ilində rayonun ümumtəhsil məktəbləri üzrə ölkəmizin ali məktəblərinə tələbə qəbulunun vəziyyəti ilə bağlı məsələlər ətraflı müzakirə edilmiş, görülmüş işlərdən, qarşıda duran vəzifələrdən geniş bəhs olunmuşdur.
Laçın Rayonu İcra Hakimiyyəti başçısı Akif Səlimov qeyd etmişdir ki, ərazisi işğal altında olan Laçın rayonda ən çox diqqət yönəldilən məsələlərdən biri yeniyetmə və gənclərin daha yaxşı təhsil almaqla hərbi məktəblərə istiqamətləndirilməsidir. Bu baxımdan yeniyetmə və gənclər arasında hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi və onların ali hərbi məktəblərə istiqamətləndirilməsi sahəsində fəal şəkildə təbliğat işi aparılmaqdadır. Çox sevindirici haldır ki, bu tədbirlər öz müsbət nəticəsini verir. Belə ki, 2013-cü ildən başlayaraq hər il onlarla laçınlı gənc şərəfli zabit peşəsinə yiyələnmək üçün ali hərbi məktəblərə qəbul olurlar.
İclasda çıxış edənlər rayon rəhbərliyinin təhsilə olan davamlı diqqət və qayğısı sayəsində rayon üzrə ali məktəblərə, həmçinin hərbi təhsil müəssislərinə tələbə qəbulunun ilbəil artmasından qürur hissi keçirdiklərini vurğulamışlar.
Müzakirə edilmiş məsələlər üzrə qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün müvafiq qərarlar qəbul olunmuşdur.
Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyun 2015-ci il tarixli Sərəncamı ilə təltif edilmiş Laçın Rayonu İcra Hakimiyyəti başçısının Bozlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Təhməzov Hacif Minbir oğluna “Dövlət qulluğunda fərqlənməyə görə” medalı və müvafiq vəsiqə təqdim edilmişdir.