Laçın Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Daşkəsəndə keçirilmişdir.
25 iyul 2015-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun rayon sakinləri ilə növbəti görüşü-səyyar qəbulu Daşkəsən rayonunda Laçın rayon sakinlərinin yaşadıqları yaylaqlarda keçirilmişdir. Qəbulda 123 nəfər rayon sakini iştirak etmişdir.
Qeyd olunmuşdur ki, yay mövsümü ilə əlaqədar olaraq 235 ailə şəxsi təsərrüfatında olan iri və xırda buynuzlu heyvanlarını saxlamaq üçün hər yay fəsli Daşkəsən yaylaqlarına köçürlər.
Görüşdə rayon rəhbəri Akif Səlimov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə gedən geniş quruculuq işlərindən danışaraq fermerlərə yaradılmış münbit şəraitin artıq öz bəhrəsini verdiyini, əhalinin ərzaq tələbatına olan ehtiyacının ildən-ilə yaxşılaşdığını bildirərək, çıxışında 2015-ci il “Kənd təsərrüfatı” ili elan olunmasını, bu sahəyə olan diqqət və qayğının nəticəsi kimi hazırda rayon sakinlərinin şəxsi təsərrüfatlarında 01 iyul 2015-ci il vəziyyətinə əhali və fermer təsərrüfatlarında 34140 baş iri buynuzlu , 200750 baş xırda buynuzlu heyvan saxlanıldığını bildirmişdir. Görüşdə rayon sakinlərindən Cabbar Cabbarov, Yahyə Orucov, Vəli İmranov çıxış edərək mövsüm ərzində onların şəxsi təsərrüfatında olan mal-qaranın saxlanılması üçün müvafiq örüş-otlaq sahəsinin ayrıldığını, rayon rəhbərliyindən mütəmadi olaraq sakinlərlə əlaqə saxlanılmasına görə minnətdarlıqlarını bildirdilər. Səyyar qəbul zamanı sakinlər yaylaq mövsümünün başlanmasından əvvəl Daşkəsən rayonunun əlaqədar təşkilatları ilə müqavilə bağlanmasına köməklik edildiyi üçün razılıqlarını bildirmişlər.
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov sakinlər tərəfindən qaldırılan məsələlərlə bağlı aidiyyəti idarə-müəssisə rəhbərlərinə tapşırıq verərək, mövcud çətinliklərin aradan qaldırılmasına köməklik göstərilməsini Rayon İcra Hakimiyyəti başçısı aparatında nəzarətə götürüləcəyini bildirmişdir.
Səyyar qəbul zamanı görüşdə Rayon İcra Hakimiyyətinin başçısının müavinləri, aparatın müvafiq şöbələrinin əməkdaşları və aidiyyəti kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etmişlər.